14 yanvar 2025 17:07
118

Ermənistan hökuməti soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz qayıdışını təmin etməlidir

Qərbi Azərbayacana qayıdış məsələsi gündəlikdən çıxmayacaq. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bəyan etdi ki, soydaşlarımız təhlükəsiz şəraitdə Qərbi Azərbayacan, o cümlədən Qərbi Zəngəzura yerləşməyənə qədər bu məsələ öz aktuallığını saxlayacaq. Ermənistan tərəfi bu məsələyə praqmatik yanaşmalı və Azərbaycanın haqlı tələbi ətrafında spekulyasiyaya yol verməməlidir. Burada birmənalı şəkildə söhbət insan hüquqlarının bərpasından gedir. 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Bütövlükdə isə həmin bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların sayı 300 mindən bir neçə dəfə çoxdur.

Məlumdur ki, Qərbi Azərbaycandan olan soydaşlarımız mərhələli şəkildə deportasiyaya məruz qalıblar. Ermənistanın bu davranışları açıq şəkildə 1948-ci il Konvensiyası və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına zidd olaraq etnik təmizləmə idi. Bu həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir. 2-ci Qarabağ münaqişəsi başa çatdıqdan sonra rəsmi Bakı üçün Qərbi Azərbayacan qayıdış əsas prioritetlərdən biridir. Azərbaycan Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpasının beynəlxalq miqyasda müzakirəyə çıxarılması istiqamətində praktik addımlar atır. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı müzakirə platformaları təşkil olunur. Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsinə dair çağırışlar edilir. Tarixi həqiqətlər, Azərbaycan tarixi irsinin Qərbi Azərbaycan torpaqlarından silinməsi ilə bağlı faktlar daha geniş auditoriyaya təqdim olunur. Qayıdış Konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması da bu prosesə əlavə dəstəkdir. Bu, soydaşlarımızın qayıdışı məsələsinin parlament diplomatiyası vasitəsilə beynəlxalq müstəviyə çıxarmaq üçün olduqca vacibir.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib. Ümumilikdə Göyçə ərazisində mövcud olmuş yaşayış məskənlərimizin xarabalıqları, Təpəbaşı məhəlləsi bu gün də qalır. Qərbi Azərbaycana qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, soydaşlarımıza qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər, onların əməlləri Ermənistanda dövlət səviyyəsində təqdir olunur.

Başda BMT olmaqla bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ədalətli olmalıdır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışı təmin olunmalıdır. Dövlət başçımızın da söylədiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu insanları qəbul etməli, onların problemlərini öz dillərindən eşitməlidir.
Təsadüfi deyil ki, Ermənistanın sabiq Prezidenti Levon ter – Petrosyan da Ermənistanın Qərbi Azərbaycan olduğunu etiraf edib. Hələ 1993-cü ilin iyununda Petrosyan terrorçularla görüşlərinin birində Göyçə gölü, Zəngəzur, Basarkeçər, Uluxanlı, Amasiya rayonlarının adlarını çəkir və bildirirdi ki, bu ərazilərdə azərbaycanlılar çoxluq təşkil edirdi və Ermənistanın müstəqilliyi üçün guya bu faktor böyük təhlükə imiş. Dırnaqarası liberal, dırnaqarası demokrat Petrosyan etiraf edir ki, azərbaycanlıları bu ərazilərdən məqsədli şəkildə deportasiya ediblər.
Prezident İlham Əliyevin də söylədiyi kimi, Petrosyan etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Bu, kifayət qədər ciddi arqumentdir və Ermənistanın iqrçi, etnik təmizləmə siyasətinin təsdiqidir.

Nigar Məmmədova,
Milli Məclisin deputatı