14 yanvar 2025 17:26
245

Xoşbəxt ömür yaşayan görkəmli neftçi-alim

Dünyada yüksək səviyyədə adını təsdiqlədən görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin doğum günüdür

Neft-qaz sənayesinin inkişafında müstəsna xidmətləri olan görkəmli neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü iqtisadi nailiyyətlərinin əsasında duran və Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsində Xoşbəxt Yusifzadənin də rolu olub.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1952-ci ildə Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək “Dənizneft” Birliyində geoloji şöbə rəisinin müavini və “Azneft” İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləyib, 1963–1970-ci illərdə “Başdənizneft” İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə “Xəzərdənizneft” Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti olub, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutub.

Bilavasitə Xoşbəxt Yusifzadənin rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilib. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb edib.

Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynayıb. 1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və "Neft Daşları" yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Elmi fəaliyyətini bu dövrdə də davam etdirən Xoşbəxt Yusifzadə 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə yiyələnib. 2005-ci ildə ona "Professor" elmi adı verilib. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali mükafatları – “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Son olaraq 2023-cü il dekabrın 7-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan tankerə akademik Xoşbəxt Yusifzadənin adı verilib.

Yaşasaydı yanvarın 14-də 95 illik yubileyini qeyd edəcəkdi. Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Orxan Vahidoğlu, “İki sahil”