20 yanvar 2025 13:35
92

Vüsal Aslanov: Metroda ekskalatorların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır

2024-cü ildə Bakı metrosunda ekskalatorlar 2 845 dəfə dayandırılıb və bunun cəmi 13 %-nin səbəbi istehsalatla bağlı olub.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.

"Ötən il biz 229-230 milyon sərnişin daşımışıq. Bu qədər insanın təhlükəsizliyini təmin etmək bizim üçün ən mühüm məsələlərdəndir. Bu istiqamətində tədbirlərimizi davam etdirəcəyik. Eyni zamanda sərnişinlərin də bir az daha məsuliyyətli davranmasını arzu edirik. Metroda 115 ekskalator var və onların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır. Təəssüf ki, bunun da yarısı heç bir səbəb olmadan sərnişinlərin düymələrə basması nəticəsində olub. Bu, sərnişinlərdə narahatlıq və çaşqınlıq yaradır, metronun fəaliyyətini pozur. Eyni zamanda, qatar qapılarına müdaxilə edilməsi, düşən sərnişinlərə yol verilməməsi kimi hallar fəaliyyətimizə mənfi təsir göstərir. Sərnişinlərdən xahiş edirik ki, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər", - deyə o qeyd edib.

"İnzibati Xətalar Məcəlləsində eskalatordan istifadə ilə bağlı məsuliyyət tədbirləri də var. Sürahini çıxarmaq, onun üzərinə əşya qoymaq, “Stop” açarını zərurət olmadan işə salmağa görə cərimələr nəzərdə tutulub", - deyə sədr əlavə edib.