20 yanvar 2025 15:16
109

Azərbaycan və Gürcüstan mühüm strateji tərəfdaşdır - Kamran Bayramov

Azərbaycan və Gürcüstan arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu gün  hər iki xalq bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini ölkəmizə etməsi Gürcüstanla münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Dövlət başçımız baş nazirlə görüşündə qeyd etdi ki, gürcü xalqı keçirilən seçkidə öz gələcəyini, milli dəyərlərinə hörmətini, irsini, təhlükəsizliyini və inkişafını qorumağı seçdi. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında qeyd edib.

K.Bayramov bildirib ki, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatında “Bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”.  “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edən cənab İlham Əliyev vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan-Gürcüstan siyasi əlaqələrinin  bütün qonşular üçün nümunə olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırıb. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə öz növbəsində Prezident İlham Əliyevin bölgədəki nüfuzunu xüsusi qeyd edərək bildirib ki,  Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz: “Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Deputat diqqətə çatdırıb ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır.  Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə  münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində  Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirildi. Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır. İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində yeni layihələri, həmçinin Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılmasını, elektrik enerjisi ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımalarının 5 milyon tona kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik. Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması yeni reallıq yaradır. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə tələbatın artdığı zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi iki ölkənin  öz maraqlarını təmin etməsinə imkan verir
Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası hazırda genişlənir. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Enerji layihələri iə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin  uğurlu icrası hər iki ölkənin tranzit imkanlarının artmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin mətbuata bəyanatda qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu rəqəm  25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir: “Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.”
K.Bayramov əlavə edib ki, proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.