Ölkələrimiz arasında parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət təcrübəsi var. Siyasi məsələlərlə bağlı dövlətlərimiz hər zaman bir-birlərinə dəstək göstərirlər. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında bu günə qədər imzalanmış müqavilələr əməkdaşlıq üçün ciddi hüquqi baza formalaşdırır. İki dövlət arasında yüklərin daşınma həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi gələcək iqtisadi inkişafa mühüm töhvələr verəcək. Dövlətlərimizin birgə reallaşdırdıqları layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün vacib əhəmiyyət daşıyır.
17 yanvar 2025-ci il tarixində Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri və onun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşü sözsüz ki, ikitərəfli münasibətlərə yeni töhfələr verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatla çıxış etdilər. Öz bəyanatında dövlət başçımız vurğuladı ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Cənab İlham Əliyev əlavə etdi ki, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Azərbaycan Respublikası dost, qonşu və eləcə də digər dünya ölkələri üçün səmimi, sülhsevər, sərfəli, etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Azərbaycan və Gürcüstan dövlətləri arasında sağlam təməllər üzərində formalaşdırılmış müttəfiqlik münasibətlərinin regionda sülhə və iqtisadi çiçəklənməyə töhfələr verəcəyinə ürəkdən inanırıq.
Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi