22 yanvar 2025 12:14
91

Azərbaycan-Gürcüstan dostluğu daha da güclənir

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.

Möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına  münbit şərait yaradıb.  Hər iki ölkənin milli maraqlarına, dövlətçilik mənafeyinə  uyğun  siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər  münasibətləri daha da möhkəmləndirir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hazırda bu sənədlərin sayı 123-dür.   Dünyanın   siyasi arenasında geosiyasi və  geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan  Cənubi Qafqazın  bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin  yeni keyfiyyət baxımından  icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana  marağı artırır. 

Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi, qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Mətbuata bəyanatında Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir: “Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.

Hər iki dost, qardaş ölkənin məqsədi əlaqələri sağlam münasibətlər əsasında davam etdirmək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır.  Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı dostluğun münasibətlərimizin inkişafında, möhkəm təməlin yaradılmasında rolu daim xüsusi qeyd edilir. Bu iki şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı. Bu tarixi şəxsiyyətlər hər iki  xalq üçün əvəzedilməz lider adlandırılırlar.

Əvvəldə də qeyd etdiyimiz kimi,  bu ölkələrin  birgə səyi ilə  həyata keçirilən enerji və nəqliyyat layihələri  Avropa dövlətlərinin   bu sahədə təhlükəsizliyinə xidmət göstərir. Səfər çərçivəsində Orta Dəhliz layihəsi müzakirə edildi.  Orta Dəhliz hər iki ölkənin maraqlarına uyğundur. “Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər” söyləyən cənab İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də  uğurla başa çatdıracaq: “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.” Gürcüstanda və Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstərilir.

Reallıq budur ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri