23 yanvar 2025 10:01
403

Dostluğumuz, qardaşlığımız strateji tərəfdaşlıq təməli üzərinə qurulub

Baş nazir İrakli Kobaxidzenin səfərinin Bakıya səfəri xüsusi əhəmiyyəti daşıyır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Prezident İlham Əliyev qeyd edib ki,  bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatında qeyd edib ki, bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm. Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.

Aygün Qasımova,
58 nömrəli tam orta məktəbin müəllimi