Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Prezident İlham Əliyev öz çıxışında Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafının müzakirə edilməsinin təsadüfi olmadığını, buna zəruri ehtiyac duyulduğunu bildirib. Dövlət başçısı son illər ərzində bu istiqamətdə bir çox işlər görüldüyünü, böyük infrastruktur layihələrinin icra edildiyini, lakin buna baxmayaraq Bakı şəhərində yenə də tıxacların müşahidə olunduğunu və onun sayının ildən-ilə artdığını vurğulayıb.
Ölkə rəhbəri çıxışında belə bir vəziyyətin təbii səbəblərlə bağlılığını da açıqlayıb: “Respublikamızın, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik.”
Aytac Axundova,
YAP Xətai Rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü