Bölgədə baş verən hadisələrin təhlili, izahı budur: Qərbin, Avropa Şurası Parlament Assambleyasının sağalmaz mərəzi dəyişməzdir
Ötən ilin bu çağında Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığını dayandırması ölkəmizə qarşı daim radikal mövqeyini bildirən korrupsioner quruma əsl türksayaq paşa şilləsi oldu.
Quruma üzv olduğu illərdə müxtəlif bəhanələrlə ölkəmizə qarşı kampaniyalar aparan, əsassız qətnamələr qəbul edib Azərbaycana ikili standartlardan yanaşan AŞPA –ya, Avropa İttifaqına (Aİ), Fransaya «Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik» sözləri ilə xəbərdarlıq edən Prezident İlham Əliyev bir daha ədalətin tərəfdarı olduğunu bildirdi. Çoxüzlü prizma kimi «demokratik prinsirlər əsasında» ölkəmizə daim təsir və təzyiq göstərən, bizimlə təhdid dili ilə danışan AŞPA-nın müxtəlif illərdə Azərbaycan üzrə ayırdığı ermənipərəst məruzəçilər qaradavoy kimi üstümüzə top- tüfənglə gəlirdilər. Ölkəmizdə mikroskopla «demokratiyanın pozulan şərtlərini» axtaran Avropanın «insan hüquqlarının qoruyucuları» olmayan «siyasi məhbus» məsələsini bəhanə edərək anti-Azərbaycan portfellərini şişirdərək AŞPA-nın sessiyalarında hətərən-pətərən danışırdılar. Bütün hallarda Ermənistana haqq qazandırırdılar. Azərbaycanı isə ittiham edirdilər. Amma hər haqsızlığın bir sonu olmalıydı. Qətiyyətli, prinsipial, düşünülmüş siyasəti ilə ən təhlükəli zamanlarda ölkəmizə qarşı bütün təhdidlərin qarşısını alan, həmin təşkilatlardan daha demokratik, ədalətli, humanist, beynəlxalq hüquqa hörmətlə yanaşan təcrübəli siyasətçi olduğunu bütün dünyaya bəyan edən Prezident İlham Əliyev ölkəmizə qarış qərəzli yanaşmaları əsassız hesab edirdi. Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ildə susan, İkinci Qarabağ müharibəsindəki Qələbəmizi sükutla qarşılayan AŞPA 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatından sonra Ermənistana dəstəyini daha da artırmış, haylara rəğbətini «Dağlıq Qarabağda humanitar vəziyyət» adlı tövsiyəsi ilə də bildirmişdi. Guya Qarabağın erməni əhalisi fiziki «məhv olmaq” təhlükəsi» ilə qarşılaşıbmış. Guya haylar Azərbaycan hakimiyyətinin «ermənifobiya siyasəti» səbəbindən öz «vətənini» (!?) tərk ediblərmiş. Amma ermənilərin Laçın sərhəd- keçid məntəqəsindən öz maşınları, onlar üçün ayrılmış nəqliyyat vasitələri ilə sərbəst getdiklərini təsdiqləyən mənzərələri, erməni separatçılarının işğaldan azad olunmuş Azərbaycan ərazilərində basdırdıqları minaların qurbanı olan günahsız soydaşlarımızın acı taleyini xatırlamaq nədənsə «yada düşmürdü.» Qərbi Azərbaycandan Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı kimi qovulan, Xocalı soyqırımında qətlə yetirilən, qışın şaxtasında meşələrdə soyuqdan donan azərbaycanlıların kütləvi qırğınlarını xatırlamaq istəmirdilər.
Bununla kifayətlənməyən AŞPA Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətdən uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Təbii ki, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyəti bununla bağlı etiraz bəyanatını yaymışdı. AŞPA-nın əsas hədəfi iqtisadi qüdrəti ilə dünyada tanınan, diplomatik səyləri dəstəklənən, hərbi gücü artan, multikultural, bəşəri və insani dəyərlərə hörmətlə yanaşan Azərbaycana olan qərəzli münasibətlərini pərdələmək, Ermənistanın xunta rejiminin hərbi cinayətlərinə göz yummaq idi. Avropa Şurasının bu cür ədalətsiz ayrı-seçkiliyinə «Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır» sözləri ilə etiraz edən Prezident İlham Əliyev təşkilatın ölkəmizə qarşı təzyiqlərinə, Qərbin ikili standartlarına, təhdidlərinə siyasi iradəsi ilə cavab verib.
«Xəyanət platformaları» kimi tanınan, fəaliyyətlərini ədalət, insanlıq prinsipləri əsasında deyil, yalan, böhtan, təxribatlar üzərində quran Qərb təsisatları, «beyin iflici» keçirən, can verməkdə olan AŞPA antidemokratik əməllərini kənardan seyr etsə kimlərə və hansı məqsədlərə xidmət etdiyini aydın görər.
2001-ci ildən üzv olduğu Avropa Şurasının etibarlı tərəfdaşı kimi özünü doğruldan Azərbaycan Ermənistandan fərqli olaraq qarşılıqlı münasibətlərin tərəfdarı kimi səmimi davranışları ilə başqalarına da nümunə olmuşdu. Heç bir dövlətə qarşı «siyasi məhbus» axtarışı kimi, iyrənc təcrübəsini istisna hal kimi Azərbaycanda tətbiq edən AŞPA-nın mənfur niyyəti hər zaman hiss olunurdu. Andreas Qross, Andres Herkel kimi digər ermənipərəst, dırnaqarası məruzəçilərin Azərbaycanla bağlı rəzil «hesabatlarını» qərəzli yanaşma adlandıran xalqımız qərbli deputatların xəyanətlərini bu gün də unutmur. Demokratiyanın dəyər və prinsiplərinə məhəl qoymayan Ermənistanı bir dəfə də olsun qınamayan AŞPA-nın başbilənləri 250 mindən artıq Qərbi azərbaycanlını doğma yurdundan zorla, vəhşicəsinə qovan erməni quldurlarının hərəkətlərini etnik təmizləmə hesab etmədilər. Soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə hazırda Azərbaycanın ədalət məhkəməsində ifadə verən separatçıları «siyasi məhbus» kimi qələmə verən təşkilat Avropada siyasi motivlərlə həbs edilənləri, Fransanın neokolonialist siyasətindən əziyyət çəkənlərin etirazlarını görmür. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun mətbuata verdiyi açıqlamaya görə, ötən ildən haqlı olaraq təşkilatda fəaliyyətini müvəqqəti dayandıran Azərbaycan parlamentinin nümayəndə heyəti «hazırki şəraitdə» bu qurumla əlaqələri bərpa etməyi düşünmür. Çünki ötən ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyən qurum ölkəmizə qarşı haqsız mövqeyini davam etdirir. «Avropa Şurasının daimi komitəsinin iclasının gündəliyinə baxdıqda, görürük ki, Azərbaycan orada olmadığı halda, yenə ittihamlar, yenə böhtanlar, yenə də ağlasığmaz bəyanatlar gündəmə gəlir. Biz də konkret olaraq demişik ki, bunlar bu siyasətdən əl çəkməlidirlər» söyləyən Səməd Seyidov özü böhran yaşayan AŞPA-nın səlahiyyətlərindən kənar işlərə müdaxiləsini əvvəlki vərdişlərinə uyğun ədalətsiz mövqe, «qırımızı xəttin keçilməsi» adlandırır. Dəstəklədikləri Ermənistan kimi digər ölkələrdə pozulan demokratiyanın tələbələrini, insan haqqlarını «görməyən» təşkilatın ölkəmizə qarşı sərt davranışı qəbuledilməzdir. Prezident İlham Əliyev bildirmişdi ki, əgər bir il ərzində nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa Şurasından tamamilə çıxmaq barədə məsələyə «ciddi şəkildə» baxa bilər.
İndi təşkilatın ermənipərəst deputatlarının qərəzli müdaxilələri qonşu Gürcüstanda hiss olunur. Ötən ilin son aylarında qonşu ölkədə baş verən hadisələrdə, keçirilən parlament seçkilərində Qərbin dəstəyi ilə təşkil olunan etiraz aksiyalarında da Avropa Şurasının izi görünürdü. Gürcüstanda demokratik şəraitdə keçirilən son parlament seçkilərinin nəticələrini tanımayan, haqqı olmadığı halda müstəqil dövlətin daxili işlərinə müdaxilə edərək təkrar seçki keçirilməsini tələb edən Avropa Şurası, Qərb təsisatları daha bir zərbə aldılar. Xalqın iradəsinə hörmətsizlik olan bu cür haqsızlığa cavab olaraq Gürcüstan da AŞPA-dan çəkilmə qərarını bildirdi. Beləliklə, mənfur siyasəti Cənubi Qafqazın iki qonşu dövləti tərəfindən iflasa uğrayan təşkilat Ermənistanla bir həsir, bir də Məmmədnəsir kimi tək qalıblar. Parlament seçkilərində qalib gələn «Gürcü Arzusu –Demokratik Gürcüstan» Partiyasının rəsmilərinin açıqlamalarında qeyd olunduğu kimi, Gürcüstan bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bu ölkənin nümayəndə heyəti Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcək ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq. Rəsmi və qeyri-rəsmi qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti əqidəsindən döndərə bilməyəcək. Köləliyi genlərində daşıyan, ələbaxan, regionun kor bağırsağı kimi xroniki xəstə Ermənistanın kəsilib atılacağı gün də gələcək.” Prezident İlham Əliyevin «Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqaz əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olub. Biz tələb edirik: «Yetər artıq!» sözlərini uzun müddət xatırlayacaq AŞPA-nın ermənipərəst mənsubları isə Müsye Jordan kimi Azərbaycanın həsrətini çox çəkəcəklər.
Xuraman İsmayılqızı, «İki sahil»