05 fevral 2025 16:06
95

ADB Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyasına kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan enerji mənbələrinə (BEM) inteqrasiyası prosesini dəstəkləmək məqəsdilə 1,1 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.

"İki sahil” ADB-yə istinadən xəbər verir ki, layihə Təmiz Enerji Fondu (600 min ABŞ dolları) və Xüsusi Texniki Yardım Fondu (500 min ABŞ dolları) tərəfindən maliyyələşdirilir.

Layihənin əsas məqsədləri günəş, külək və geotermal enerji kimi bərpa oluna bilən enerji mənbələrinə keçid vasitəsilə təbii qazdan asılılığın azaldılması, mövcud istilik sistemlərinin enerji səmərəliliyinin artırılması, İstilik təchizatı ilə bağlı Milli Strategiya və bu sahədə qanunvericilik aktları da daxil olmaqla yeni qanunvericiliyin hazırlanması, həmçinin sektorun maliyyə dayanıqlılığını təmin etmək üçün tarif siyasətinin optimallaşdırılmasıdır.

"Təklif olunan texniki yardım Azərbaycanda istilik təchizatı sektorunun səmərəlilik, dayanıqlılıq və dekarbonizasiya yolu ilə modernləşdirilməsinə yönəlib. Bu yardım məkanların isidilməsi (soyudulması) xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa, pilot layihə vasitəsilə BEM-in inteqrasiyasına kömək etməyə, həmçinin siyasi və normativ bazanı gücləndirməyə imkan verəcək. Texniki yardım çərçivəsində həmçinin Azərbaycanın əsas dövlət istilik təchizatı operatoru olan "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti qiymətləndiriləcək və korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması, dövlət subsidiyalarından asılılığın azaldılması və əməliyyat fəaliyyətinin kommersiyalaşdırılmasının artırılması üzrə praktiki tövsiyələr veriləcək", - bankın hesabatında qeyd olunur.

ADB vurğulayır ki, Azərbaycan hökuməti bankla əməkdaşlıq çərçivəsində istilik təchizatı sektorunda təbii qazdan asılılığı və karbon emissiyalarını azaltmağa çalışır.

"Günəş və külək enerjisi kimi BOEM-dən istifadə etməklə dekarbonizasiyası mümkün olan elektriklə isitmə sisteminə keçid əsas strategiyadır, lakin bu proses tədricən həyata keçiriləcək. Bundan əlavə, isitmə sistemində günəş kollektorları və geotermal sistemlər kimi BOEM-in potensialından tam istifadə edilmir. Bu potensialın hərtərəfli öyrənilməli və nümayiş etdirilməsi vacibdir", - ADB qeyd edir.

Bankın məlumatına görə, hazırda Azərbaycanda BOEM-in gücü (iri su elektrik stansiyaları istisna olmaqla) 530 MVt-dır (ümumi elektrik enerjisi istehsalının 6,4 %-i).

"Ölkə külək və günəş enerjisi güclərinin artırılması üçün beynəlxalq investorlarla əməkdaşlıq hesabına bu payı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır", - hesabatda qeyd olunur.