06 fevral 2025 00:58
97

Qaro Paylan kimin diktəsi ilə sərsəmləyir?..

Türkiyə Böyük Millət Məclisinin (TBMM) PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-dən olan sabiq erməni əsilli deputatı Qaro Paylan Ermənistanda Azərbaycan əleyhinə qəbuledilməz ifadələr işlədib. Hətta o, Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsini qəbul etmədiklərini bildirməklə yanaşı, təcavüzkar ölkənin revanşist niyyətdə olduğunu da vurğulayıb: “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-ın köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”.

Xatırladaq ki, 2 il bundan qabaq Ermənistan parlamentinin “Vətəndaş  Müqaviləsi” Partiyasından olan deputat Hakob Aslanyan da belə bir tempdə sayıqlamışdı. Bildirmişdi ki, Ermənistana “qəddi”ini düzəltmək üçün 1-1,5 il lazımdır və bundan sonra türklərlə başqa cür danışacağıq.

Bəri başdan qeyd edək ki, bölgənin sülh və sabitliyə ehtiyacı olduğu bir dönəmdə Hakob Aslanyanın ardınca Qaro Paylanın belə bir açıqlama verməsi, müharibəyə çağırış riorikası onun və onun kimilərinin imperialist düşüncələrə, faşist idieologiyasına xidmət etdiyini bir daha ortaya qoyub.  Yeri gəlmişkən qeyd edək ki, Qaro Paylan TBMM-in üzvü olanda həm daxildə, həm də xaricdə Türkiyə əleyhinə təbliğat aparıb. Bununla da  suyunu içib, çörəyini yediyi ölkəyə qənim kəsilib.  Elə bu “fəallığına” görə Xocalıda əli qana bulaşmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən qızıl medalla mükafatlandırılıb.

Bütün bunlar həm də bir daha birmənalı şəkildə sübut edir ki, özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistanın Fransa, ABŞ və digər ölkələrdən silah almaqda məqsədi yeni müharibəyə hesablanıb. Digər tərəfdən, bu həm də hayların Azərbaycan torpaqlarında gözlərinin olduğunu açıq şəkildə göstərir. Bu mənada əminliklə demək olar ki, Ermənistan boşuna Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarının yer aldığı konstitusiyasına dəyişiklik etmək üçün Azərbaycandan 2027-ci ilə qədər vaxt istəmir. Şübhəsiz, bu vəd də inandırıcı görünmür. Çünki ötən həftə Nikol Paşinyan utanıb-qızarmadan bildirib ki, guya Ermənistan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın rəsmi torpaq iddiaları bu gün də davam edir. Bəli, Ermənistanın mövqeyi belədir. Qaro Paylan sadəcə, Ermənistan hökumətinin fikrini ifadə edib.

Amma Qaro Paylan unudur ki, Ermənistanın normallaşma adı altında Azərbaycana qarşı qurduğu oyunlardan rəsmi Bakı xəbərdardır. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söylədiyi fikirlər bunu təsdiq edir. Tədbirdə dövlətimizin başçısı müsahibəsində bildirmişdi ki, belə bir vəziyyətdə biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. 

Avropa İttifaqının dırnaqarası sülh fondundan ayrılan vəsaitin Ermənistanda silahlanmaya xidmət etdiyini vurğulayan Prezident İlham Əliyev daha bir bir məsələyə də diqqət yönəltmişdi:  “Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir”. Ona görə də dövlətimizin başçısı çox haqlı olaraq bildirmişdi ki, Ermənistan silahlanmanı dərhal dayandırmalıdır: “Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir”. Bütün bunlarla yanaşı, Prezident  İlham Əliyev Ermənistanın silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməyəcəyini də vurğulamışdı. Bu isə o deməkdir ki, təcavüzkar ölkə bu dəfə qəddini düzəltmək əvəzinə olan-qalanını da itirmək fikrinə düşüb. Bakıda Hərbi Qənimətlər Parkında hələ yer var. Amma Azərbaycan bunu istəmir, sülh istəyir. İstəyir ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq göründüyü kimi, Ermənistanın həm özü, həm onun  havadarları bunu istəmirlər. Onlar hələ də revanşist fikirlərlə yaşayırlar.

Ermənistanda gedən silahlanma prosesi, müharibəyə hazırlıq şübhəsiz  Cənubi Qafqazda sülh üçün ciddi təhdiddir. Yəqin ki, bu təhdiddə Ermənistan “bacı”sına, Azərbaycanın uğurlarını hələ də həzm edə bilməyən Fransaya arxalanır. Hazırda Nikol Paşinyanın yenidən Fransaya üz tutmasının kökündə də yeni müharibəyə hazırlıqla bağlı müəyyən detalların müzakirəsinin dayandığı sirr deyil. Amma Azərbaycanın siyasi gedişləri nəticəsində Ermənistanın bu cəhdlərinin heç bir nəticə verməyəcəyi hər kəsə aydındır. Başqa sözlə desək, Azərbaycan təcavüzkar ölkəyə, həmçinin Fransa kimi havadarına bu imkanları verməyəcək. Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə Ermənistanın və onun havadarlarının bu kimi oyunlarının qarşısının qətiyyətlə alınacağını bəyan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”