Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri” ilə birgə həyata keçirilən "Tələbələr üçün ArcGIS" proqramı çərçivəsində “Azərkosmos”un CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlimlər sessiyası başa çatıb.
“İki sahil” xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov təlim iştirakçılarını salamlayaraq, təlimlərdə fəal iştiraka görə onlara təşəkkür edib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov sənaye 4.0 sahəsində insan kapitalının inkişafı ilə bağlı qurumun həyata keçirdiyi fəaliyyətləri qeyd edib.
Azərkosmosun İdarə Heyəti sədrinin kosmik hüquq məsələləri üzrə müşaviri İlqar Abdullayev layihənin tələbələrə real biliklər qazandırdığını qeyd edib. CİS sahəsində ölkəmizdə və dünyada peşəkar kadrlara tələbatın artmasının gənclər üçün yeni fürsətlər açdığını diqqətə çatdırıb.
Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri iştirak edib. Təlimlərdə tələbələr məkan məlumatları ilə iş, ArcGİS Pro tətbiqindən praktik istifadə və CİS texnologiyalarının tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələniblər.
Sonda təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim olunub.