Ümummulli lider Heydər Əliyev bütün varlığı ilə doğma xalqına, onun milli –mənəvi dəyərlərinə, adət-ənənələrinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu Öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. Heydər Əliyev bu əziz bayramda xalqın arasında olmaqdan sonsuz qürur hissi duyar, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu Öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüşməkdən xüsusi zövq alardı.
2000-ci il mart ayının 21-də keçirilən Novruz bayramı tədbirində Böyük lider unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.Novruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədardır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Heydər Əliyev doğma xalqını sonsuz bir məhəbbətlə sevirdi. O, Vətəninin daha güclü və qüdrətli bir dövlətə çevrilməsini, ölkə vətəndaşlarının xoşbəxt və rifah içində yaşamalarını arzulayırdı. Memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin və xalqının parlaq gələcəyinə inanırdı. Dahi siyasətçi əmin idi ki, xalqımızın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublikamızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır. Heydər Əliyevin xalqımızın tərəqqisinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir. 2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi torpaqlarını düşməndən azad edən qalib Azərbaycan indi regionun ən qüdrətli dövlətidir. Xalqımız indi qədim tarixinin ən şərəfli dönəmini yaşayır.
Elimizə, obamıza, doğma Azərbaycanımıza ilin ən gözəl fəsli olan bahar gəlir. Onun ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Tarixən Respublikamızın hər yerində baharın gəlişini, xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və fərəhlə qarşılamışlar.
Bu gün ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti güclü və yenilməzdir.İndi biz suveren, müstəqil Azərbaycan vətəndaşları kimi öz milli bayramımızı azad qeyd edirk! Qoy, qəlbimizdən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın. Sizləri müdrik əcdadlarımızın misilsiz yadigarı,milli varlıq və mənəviyyat xəzinəsi olan Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar, cansağlığı, səadət, xoşbəxtlik və bahar əhval-ruhiyyəsi arzulayırıq.
Novruz bayramımız mübarək olsun!
Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri