Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.Forumda Dövlət başçısı çıxış edib.Çıxışı zamanı o Ermənistan və Azərbaycan münasibətlərinə də toxunub.
Dövlət başçımız bildirib ki,biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında mən deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. Biz insanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. Biz bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma bizim belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Aynur Qənbərova,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin Uşaq birliyi təşkilatı rəhbəri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədrinin müavini