Azərbaycan xalqı zəngin tarixə, dərin köklərə və böyük mədəni irsə malik bir xalqdır. Lakin bu şanlı tarix təkcə inkişaf, tərəqqi və dövlətçilik ənənələri ilə deyil, eyni zamanda xalqımıza qarşı törədilmiş ağır faciələr və qanlı hadisələrlə də yadda qalmışdır. Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar milli-etnik zəmində təzyiqlərə, deportasiyalara və kütləvi qırğınlara məruz qalmış, doğma torpaqlarında amansız cinayətlərin qurbanına çevrilmişlər. Bu faciələr içərisində 31 Mart - Azərbaycanlıların Soyqırımı xüsusi yer tutur və xalqımızın qan yaddaşında silinməz iz qoymuş ən ağır tarixi hadisələrdən biri kimi xatırlanır.
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 31 mart soyqırımından 108 il ötür. Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, qan yaddaşımız olan bu tarixi faciə xalqımızın hafizəsindən silinməyib və heç zaman silinməyəcək.
XIX əsrin sonlarından etibarən erməni millətçi dairələri tərəfindən irəli sürülən mifik “Böyük Ermənistan” ideyası regionda baş verən etnik qarşıdurmaların və qanlı hadisələrin başlıca səbəblərindən birinə çevrilmişdir. Bu ideyanın həyata keçirilməsi məqsədilə erməni millətçi təşkilatları, xüsusilə daşnak qüvvələri Cənubi Qafqazda yaşayan azərbaycanlılara qarşı sistemli şəkildə zorakılıq və qırğın siyasəti həyata keçirmişlər. Bu siyasətin əsas məqsədi tarixi Azərbaycan torpaqlarında yaşayan yerli müsəlman əhalini məhv etmək, onları doğma yurdlarından qovmaq və həmin ərazilərdə monoetnik erməni dövlətinin yaradılmasına nail olmaq idi.
Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, 1918-ci ilin mart hadisələri nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə kənd və yaşayış məntəqəsi dağıdılmışdır. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan və digər bölgələrdə törədilən qırğınlar azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmişdir. Bu hadisələr tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilməlidir. Çünki qətlə yetirilənlərin böyük əksəriyyəti silahsız və müdafiəsiz insanlar idi.
Erməni millətçi təşkilatlarının, xüsusilə “Daşnaksütyun” partiyasının fəaliyyəti həmin dövrdə regionda baş verən qırğınların ideoloji əsasını təşkil edirdi. Millətçi və şovinist ideologiya üzərində qurulan bu siyasət nəticəsində erməni silahlı dəstələri bolşevik qüvvələri ilə birlikdə Bakı və digər bölgələrdə azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətmişlər.
Azərbaycanlılara qarşı törədilmiş qırğınların ən dəhşətli nümunələrindən biri də Quba bölgəsində baş vermişdir. 2007-ci ilin aprel ayında Quba şəhərində stadionun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıqda yüzlərlə insanın qalıqları tapılmış və aparılan elmi tədqiqatlar onların 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş dinc sakinlər olduğunu təsdiq etmişdir. Bu fakt erməni vandalizminin daha bir bariz sübutu kimi tarixə düşmüşdür.
Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlar yalnız Azərbaycanın müxtəlif bölgələri ilə məhdudlaşmamışdır. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində, xüsusilə İrəvan və ətraf bölgələrdə də minlərlə azərbaycanlı qətlə yetirilmiş və öz tarixi torpaqlarından deportasiya olunmuşdur. Bu hadisələr nəticəsində həmin ərazilərdə yaşayan azərbaycanlı əhali demək olar ki, tamamilə məhv edilmiş və ya qovulmuşdur.
Bir sıra erməni və xarici tədqiqatçılar 1918-ci ildə baş verən hadisələrin mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar olduğunu qeyd etmişlər. Bu faktlar erməni millətçi dairələrinin uzun illər gizlətməyə çalışdığı həqiqətləri bir daha üzə çıxarır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 31 mart hadisələrinə ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilmişdir. 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu istiqamətdə mühüm tarixi sənəd olmuşdur. Həmin fərmana əsasən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və xalqımıza qarşı törədilmiş qırğınların araşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilməyə başlanmışdır.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Bu gün Azərbaycan dövləti xalqımıza qarşı törədilmiş soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir, erməni vandalizminin əsl siması dünya ictimaiyyətinə təqdim olunur.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin faciəli hadisələrini xatırlamaq deyil, həm də tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün biz həmin faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, xalqımıza qarşı törədilmiş cinayətlərin heç vaxt unudulmayacağını bir daha bəyan edirik. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti bundan sonra da qətiyyətli fəaliyyətini davam etdirəcək.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız cinayətlərdən biridir
Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi
Soyqırımı qurbanlarının yad edilməsi xalqımızın həmrəyliyini gücləndirən mühüm amildir