Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ABŞ-da yerləşən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Observatoriyanın təlim sahəsindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrdən olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər. Təqdim olunan layihələr peşəkar münsiflər heyəti tərəfindən sosial təsir, davamlılıq və innovativ yanaşma kimi əsas meyarlar üzrə qiymətləndirilib.