21 aprel 2025 09:24
324

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir. İki ölkə arasında mövcud olan əməkdaşlıq modeli ortaq maraqlara əsaslanan, real nəticələr verən və gələcək inkişaf üçün geniş perspektivlər vəd edən tərəfdaşlığa çevrilib.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir. Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.

Bəli, Azərbaycan-Gürcüstan münasibətləri son illərdə bütün sahələr üzrə uğurla inkişaf edir. Bu iki qonşu ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəniyyət sahələrində sıx əməkdaşlıq mövcuddur. Xüsusilə enerji və nəqliyyat layihələri – məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu – regional əməkdaşlığın əsas nümunələrindəndir.

Eyni zamanda, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və strateji tərəfdaşlıq münasibətləri qurublar. Azərbaycanın və Gürcüstanın bir-birinin ərazi bütövlüyünü tanıması və bu mövqedə dəyişməz qalması da əlaqələrin əsas dayaqlarından biridir. İkitərəfli münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir.

Gülnar Xəlilova,
56 N-li məktəbin müəllimi