Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər. Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri iki ölkə arasında əməkdaşlığın inkişafına xeyli təkan vermişdir. Hazırda Gürcüstan üzərindən keçən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Onun əsas hissəsini təşkil edən TANAP layihəsi istifadəyə verilmişdir. Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır.
Hazırda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də SOCAR-dır. Təkcə SOCAR-ın timsalında Azərbaycan bu ölkəyə 1,5 milyard ABŞ dollarından artıq həcmdə investisiyalar yatırıb. "SOCAR Georgia Petroleum" MMC-nin əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına neft məhsulların idxalı (benzin, dizel, aviasiya yanacağı, LPG, bitum, mazut, yağlar), həmçinin neft məhsullarının topdan və pərakəndə satışı, SOCAR brendi altında müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir. "SOCAR Georgia Gas" MMC 2007-ci ildə təsis edilmişdir. Qurumun əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına təbii qazın idxalı və satışından, həmçinin qaz boru kəmərlərinin tikintisi və reabilitasiyasından ibarətdir. Azərbaycan Gürcüstanın səkkizinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan və Gürcüstan arasında illik ticarət dövriyyəsi 1 milyard dollara yaxındır.
İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli Azərbaycan–Gürcüstan–Türkiyə diplomatik formatında yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.
Həsənova Gülnarə,
48 nömrəli məktəbin müəllimi