21 aprel 2025 14:35
117

Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb. 

“İki sahil” xəbər verir ki, mətndə deyilir: 

"Zati-həzrətləri,

Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası, Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".