Azərbaycan-Çin münasibətləri ölkəmizin xarici siyasət kursunun çox maraq kəsb edən istiqamətlərindən biridir. Qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulan Azərbaycan-Çin münasibətlərinə nəzər saldıqda görə bilərik ki, bu iki dövlət arasında mövcud əlaqələr beynəlxalq münasibətlər sistemində müəyyən mənada örnək və nümunə mahiyyəti daşıyan bir münasibətlər səviyyəsindədir. Nə üçün? Çünki burada həm geosiyasi nöqteyi-nəzərdən, həm də geoiqtisadi baxımdan bu münasibətlər kifayət qədər starateji tərəfdaşlıq prinsipləri üzərində köklənmiş münasibətlərdir. Məhz bu mövqedən çıxış edərək tam əminliklə deyə bilərəm ki, həm Azərbaycan Çin, həm də Çin Azərbaycan üçün arxalana biləcək önəmli və etibarlı tərəfdaşlardandır.
Bu ölkələr arasında diplomatik münasibətlər tarixinə nəzər saldıqda görürük ki, otuz ildən çoxdur ki, bu münasibətlər qurulub. Daha doğrusu, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulması 1992-ci ilə təsadüf edir. Hətta bir qədər də əvvələ nəzər saldıqda görə bilərik ki, Çin Xalq Respublikası faktiki olaraq 1991-ci ilin dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb və bununla da o, müstəqilliyimizi tanıyan ilk respublikalardan biri olubdur. Sonrakı mərhələdə diplomatik əlaqələr 1992-ci il aprel ayının 2-də qurulub və nəhayət həmin ilin avqust ayında Azərbaycan Respublikasının Çində səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Çin münasibətlərinin ayrı-ayrı aspektlərinə nəzər saldıqda görə bilərik ki, bu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq günü-gündən genişlənməkdədir. Beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, həmçinin regional və qlobal sülhün təmin olunmasında və region üçün önəmli olan inkişaf strategiyasının birgə irəli aparılmasında bu iki dövlət bir mövqedə çıxış edir. Hər iki ölkənin maraqları qarşılıqlı əlaqə və təminolunma prinsipləri əsasında həyata keçirilir. Bu isə ölkələrarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasını təmin edən qarşılıqlı etimad hesabına mümkün olur. Çünki qarşılıqlı etimad olduğu təqdirdə sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaq olur. Yəni bu iki dövlət arasında bu iki vacib prinsipal məsələlər bu və ya digər formada özünü büruzə verməkdədir.
Azərbaycan və Çin arasında siyasi əlaqələr kifayət qədər sıxdır və olduqca vacib məsələ odur ki, bu münasibətlər ardıcıl olaraq inkişaf edir və hər dəfə də yeni-yeni çalarla zənginləşir. Nəticədə iki ölkənin əsas və uzunmüddətli maraqları məhz həmin və ardıcıl şəkildə inkişaf edən əməkdaşlıq və tərəfdaşlıq əsasında da təmin olunmuş olur. Sülhün, sabitliyin sosial iqtisadi tərəqqinin təmin olunması eyni zamanda məhz bu iki dövlət arasında həmin o münasibətlərin geniş səpkidə qurulmasından və inkişaf etdirilməsindən irəli gəlir.
Dünyanın 2-ci böyük iqtisadiyyatında qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik olan Çin Xalq Respublikası ilə münasibətlərin bu şəkildə inkişaf etdirilməsi Azərbaycan xalqı üçün müəyyən mənada qürurvericidir. Belə ki, dəfələrlə beynəlxalq platformalarda təmsil olunan və yüksək tribunalardan çıxış edən Çin rəsmiləri öz ölkəsinin Azərbaycanla bağlı olan xarici siyasət kursuna xüsusi önəm verdiklərini qeyd ediblər və hər zaman bu siyasətin bərabərlik prinsipləri əsasında qurulmasında maraqlı olduqlarını bildiriblər. Məhz bu kimi amillərAzərbaycan-Çin münasibətlərinin genişlənməsinə, dərinləşməsinı səbəb olur və bu məqam hər iki ölkənin siyasi rəhbərliyinin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.
2019-cu ilin aprelində Pekində keçirilən “Bir kəmər bir yol” beynəlxalq forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev həmin səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən on mühüm sənədə imza atmışdır. İmzalanmış sənədlərin hər birinin təyinatlna nəzər saldıqda görürük ki, faktiki olaraq bu iki dövlət arasında olan ticarət dövriyyəsinin kifayət qədər yüksək templə inkişaf etməsi qarşılıqlı investisiya mühitinin gücləndirilməsi və yatırımlarının artırılması baxımından olduqca vacibdir. Əgər “Bir kəmər bir yol” konsepsiyasına nəzər salsaq, Azərbaycan orta dəhliz konsepsiyasının tam uğurlu şəkildə reallaşmasını təmin etmiş olar, çünki ölkəmiz “Bir kəmər bir yol” ideyasının əsas seqmentlərindən biri kimi də dəyərləndirilir. Yəni bu baxımdan Azərbaycanla Çin arasında münasibətlər həm də Azərbaycan üzərindən Şərqlə Qərbi əlaqələndirən böyük nəqliyyat layihələrinin reallaşmasına xidmət edən bir sahədir.
İki dövlət arasında qurulmuş əməkdaşlıq modeli böyük enerji və infrastruktur layihələrinin reallaşdırılması, informasiya texnologiyalarının mənimsənilməsi, kənd təsərrüffatının inkişaf etdirilməsi üçün yeni imkanları və perspektivləri açan bir tərəfdaşlıq formasıdır. Və təbii ki, nəqliyyat-logistika məsələləri, qeyd etdiyim kimi, “Bir kəmər bir yol” layihəsinin mühüm bir hissəsi olan orta dəhliz infrastrukturunun inkişafına xidmət edən siyasəti özündə ehtiva edən bir təşəbbüsdür. Yeri gəlmişkən bu tərəfdaşlıq Şərqlə Qərbi əlaqələndirməklə yanaşı həm də Mərkəzi Asiya Respublikalarına Avropanı əlaqələndirən, Çinlə Avropa Birliyini uzlaşdıran, qlobal mənada Avrasiya üçün mühüm əhəmiyyət daşıyan enerji təhlükəsizliyinin təmin olunması üçün böyük zəmin yaradan çox vacib əməkdaşlıq formalarından biridir.
Azərbaycanla - Çin münasibətlərimi daha da sıx edən Orta Dəhliz layihəsi Mərkəzi Asiya üzərindən Çinlə Avropanı əlaqələndirən bir körpü funksiyasını yerinə yetirir. Təbii ki, olduqca vacib məsələlərdən biri həm də 2023-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunmasıdıdır. Çünki bu mühüm sənəddə bu iki ölkə arasında əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki ölkənin ümumi maraqlarının birlikdə müdafiə olunması, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi məsələləri açıq yer alıb. Yalnız bu müddəalar tam deməyə əsas verir ki, müasir dövrdə iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər yüksək səviyyədə təmin olunan qarşılıqlı etimadın və etibarın bariz göstəricisidir.
Çinin Azərbaycanla bağlı xüsusilə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmasına, BRİCS-ə qoşulma təşəbbüsünü də dəstəkləyən tərəf qismində çıxış etməsi bizim üçün olduqca önəmlidir. İki dövlət arasında statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ticari dövriyyə artan templə davam etməkdədir və bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti fəaliyyət göstərir. Onlar sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat xidmət sahələrində aktiv iştirak edirlər. Nəzərə alsaq ki, Çindən Azərbaycana təxminən 1 mld. dollar Azərbaycandan Çinə 300 milyon dolar investisiya qoyulub. Bu kifayət qədər böyük bir investisiya portfelinin olmasından xəbər verir. Hətta bunu, xüsusilə turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması nəzərə alan Azərbaycan 2024-cü ildən etibarən 2025-ci ilin iyulun 20-dək bir il ərzində Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Təbii ki, bu turizm, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə xidmət edən bir məsələdir. Yaxın vaxtlarda o da gözlənilir ki, iki ölkə arasında vizasız gediş-gəliş rejiminin tətbiq olunmasına dair qərar qəbul olunsun. Bu isə nəticədə Azərbaycanla Çin arasında turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənməsi üçün yeni imkanlar açılacaq.
Yeri gəlmişkən, iqtisadi əlaqələr müstəvisində Azərbaycan və Çin arasında büruzə verən enerji və texnologiya sahəsində əməkdaşlıq da kifayət qədər artan templərlə inkişaf edir. Bir çox sahələrdə biz Çin şirkətlərinin fəaliyyətini görə bilirik. Təbii ki, Azərbaycan üçün bu iki dövlət arasında əməkdaşlıq iqtisadiyyatın diversifikasiyası və texnoloji inkişafın daha səmərəli şəkildə qurulmasına xidmət edən bir münasibətlər kimi də dəyərləndirilə bilər.
Tam əminliklə deyə bilərik ki, daima yüksələn xətt üzrə inkişaf edən çoxşaxəli münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu isə regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edən amillərdəndir.
Azər Allahverənov,
Milli Məclisin deputatı