22 aprel 2025 16:44
132

Azərbaycan - Çin münasibətləri: Formalaşması və perspektivləri

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov "İki sahil"ə bildirib ki, bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Ümumilikdə isə Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub.

Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır.

Hələ 2019-cü ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən dövlət başçısının bu səfəri çərçivəsində 10 mühüm sənəd imzalanıb. Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha genişlənməsinə təkan verib. Nəticədə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 2018-ci ildəki 1.3 milyard dollardan  2.4 dəfə və ya 1.9 milyard dollar artaraq 2023-cü ildə 3.2 milyard dollara çatıb. Sürətli dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə 4-cü iri ticarət tərəfdaşıdır. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Aqil Əsədov vurğulayıb ki, Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. O cümlədən, Azərbaycanın Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün müraciət edib. Çinin “Huawei” şirkəti isə regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında aktiv iştirak edir.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, Azərbaycanla Çin arasında münasibətlər “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Ticari-iqtisadi və tranzit-logistika layihələrinin reallaşdırılması ilə yanaşı, elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, adıçəkilən sahələrdə də səmərəli fəaliyyət intensivləşəcək.

Təbii ki, ikitərəfli münasibətlərdə iqtisadi məsələlər xüsusi yer tutur. Ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar, Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı və s. istiqamətlərdə inkişaf edir. Onu da qeyd edək ki, Çin Azərbaycanın ən çox Ticarət evi açdığı ölkədir. Burada ölkəmizin 6 Ticarət evi (o cümlədən əlavə filialları) fəaliyyət göstərir. 

2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu, hər iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlmiş böyük əhəmiyyətə malikdir. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir və 2023-cü ildə Çinin ÜDM-i 126.1 trilyon yuana (təxminən 17.7 trilyon dollar) çatıb. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal çağırışlara yüksək həssaslıqla yanaşan və inkişafını daxili resurslar hesabına qurmağı hədəfləyən ölkədir. Qlobal çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyi dinamik olaraq artır, xarici borcun azaldılması strategiyası uğurla reallaşdırılır.

Aqil Əsədov bildirib ki, iqtisadi münasibətlərin aparıcı vasitələrindən biri də nəqliyyat əlaqələridir. Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat dəhlizi (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2.5 dəfə artıb.

Qeyd olunduğu kimi, Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə vasitəsilə Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir. Nəzərə alsaq ki, 2024-cü ilin may ayında BTQ üzərində son rekonstruksiya işləri tamamlanıb, onda gələcəkdə daşınma həcminin daha da artacağı aydın olar. Ümumiyyətlə, Orta dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər. İnvestisiyaların və siyasi müdaxilələrin diqqətlə, ciddi şəkildə uzlaşdırılması ilə Orta dəhliz müəyyən dərəcədə transkontinental ticarət üçün iqtisadi və geosiyasi dayanıqlığı təmin edə biləcək. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə Çinə, Avropaya və dünyaya inteqrasiyaya imkan yaradacaq ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına daha bir təkan olacaq.

Aqil Əsədov əlavə edib ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.