22 aprel 2025 16:49
164

Ana dilimiz milli mənəviyyatımızın, dövlətçiliyimizin simvoludur

Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmamışdır. Bu gün Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndərin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başlamışdır. Sovet imperiyasının əsarətə aldığı bütün xalqları öz idelogiyasına, vahid dilinə tabe etdirmək üçün ən sərt formada göstərdiyi təzyiqlər dönəmində Azərbaycan dili məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Nəinki dövlət qurumlarında ana dilimizdə danışılmırdı, hətta televiziya, film və bu kimi təbliğat vasitələrində də imperiya dili ön planda qərarlaşmışdı. Belə bir vəziyyətdə Azərbaycan dilini nəinki diriltmək, hətta onu fonetik baxımdan yaşatmaq möcüzə sayıla bilərdi. Böyük Heydər Əliyev tarix üçün bu möcüzədən də artığını etdi. Ümummilli Lider sübut etdi ki, dil təkcə ictimai hadisə yox, həm də millətin varlığının təsdiqidir. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Dahi Lider ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi. Onun dil siyasəti genişmiqyaslı, strateji yanaşmaya əsaslanırdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Ardınca 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını da dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Bu sənədlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması üçün real idarəetmə mexanizmləri yaradırdı.

Ulu Öndər bu addımlarla göstərdi ki, dilin qorunması təkcə mədəniyyət deyil, milli təhlükəsizlik, milli kimlik və birlik məsələsidir. Ulu Öndər deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu sadə, lakin olduqca dərin fikir Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini açıq şəkildə ifadə edir. Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, bütün dünyada yaşayan milyonlarla soydaşımız üçün milli birliyin, mənəvi vəhdətin dayağıdır. Ana dilimiz nəinki klassik ədəbiyyatımızın və musiqimizin daşıyıcısıdır, həm də çağdaş Azərbaycanın informasiya məkanında, elmdə, texnologiyada, hüquqda və digər sahələrdə öz gücünü sübut etmişdir. Qeyd olunanlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev dahi dövlət adamı, fövqəl siyasi zəkaya malik lider olmaqla yanaşı, həm də milli ruhun keşiyində duran ideoloq idi.  Bu gün Azərbaycan dilinə sahib çıxmaq - dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri