Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hələ də manipulyasiya edən Ermənistanın hərdəmxəyal baş naziri Nikol Paşinyan əvvəlki hiyləgərliklərini davam etdirir. Tərəflər arasında sülh sazişinin yekun mətni, prinsipial bəndləri üzrə guya razılığın əldə olunmasını Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətdə fikirlər formalaşsa da reallığı əks etdirən tanınmış siyasətçilərin «sülh hələ çox uzaqdadır» kimi açıqlamalarıdır. Səbəb də bəllidir. Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi Mülki Müşahidə Mİssiyasının «binokl diplomatiyası» hələ ki, bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur. Rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin yekun mətninin prinsipial şərtləri ilə bağlı razılığa gəldiyini sözdə açıqlasa da ATƏT-in Minsk qrupunun ləğvi barədə qəti rəyini bildirmir. Nikol Paşinyanın son günlərdə Azərbaycanla sərhəd bölgəsinə səfəri də müəmmalı idi. Hərdəmxəyal Paşinyandan fərqli olaraq siyasi iradəsi, möhkəmlənən nüfuzu ilə dünyada böyük hörmət və etibar qazanan Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın qonşularına ərazi iddialarının yer aldığı konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupu buraxılmalıdır.
Bu günlərdə daxili vəziyyətin daha da gərginləşdiyi, İkinci Qarabağ müharibəsində həlak olmuş erməni hərbçilərin yaxınlarının Paşinyandan övladlarının nəyin naminə döyüşdükləri ilə bağlı hesab verməsini tələb etmələri qarşıdurmanı gücləndirir. Korrupsiya və fərarilik hallarının artdığı orduda, yüksək səviyyəli məmurlar arasında cinayət məsuliyyətinə cəlb olunanların sayı artmaqdadır. Hələ də Qarabağı qaytarmaqla bağlı Fransa kimi digər himayədarlarının şirin vədlərinə aldanan rəsmi İrəvan silahlanmaqla diplomatik sahədə uğur qazanacağını zənn edir. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun dirçəldiləcəyinə inanan Paşinyanın Ağ Evin keçmiş ermənipərəst başçısı Co Bayden administrasiyası ilə bu ilin yanvar ayında Vaşingtonda imzaladığı ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi də rəsmi İrəvanın xəyalını boşa çıxardı. Regionda sabitliyin pozulmasına şərait yaradan Avropa İttifaqının agentura şəbəkəsi kimi formalaşan Mülki Müşahidə Missiyasının Ermənistanda hələ də qalması bölgəyə xarici müdaxilədən, sülh sazişinin imzalanmasına maneçilikdən başqa bir şey deyildir. Belə bir şəraitdə Ermənistanın 17 bənddən ibarət sülh sazişini imzalamaqdan boyun qaçırması təbiidir. ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı rəsmi Bakının dəyişilməz mövqeyini «Bu iki şərt yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın meydanındadır» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağ münaqişəsini öz gücü hesabına həll edən Azərbaycan heç bir müdaxilə olmadan sülh müqaviləsinin imzalanmasına da nail olacaq.
Siyasi şərhçilərin açıqlamalarında qeyd olunur ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum üçün ən çox ehtimal olunan tarix bu ölkədə növbəti parlament seçkilərinin keçiriləcəyi 2026-cı ilin yayı ola bilər. Yəni, həmin seçkidə konstitusiya məsələsinin səsvermə bülleteninə daxil edilcəyi bildirilsə də, sözlərinə əməl etməyən Ermənistanın bu vədi də inandırıcı görünmür. İşğalçı ölkədə bəzi qüvvələr Qarabağdan həmişəlik imtina ilə bağlı çağırışlara tərəfdar olduqlarını bildirsələr də hakimiyyətə can atan revanşistlər, sabiq prezidentlərin tərəfdarları ölkə daxilində, ictimaiyyət arasında çaşqınlıq, parçalanma yaratmaqla sülh sazişinin imzalanmasına hər vasitə ilə mane olurlar.
Türkiyə və Azərbaycana ərazi iddalarını mənfur vəsiyyətləri kimi sonrakı nəsillərə aşılayan daşnaklar guya Osmanlı Türkiyəsində və «Qərbi Ermənistanda» törədilmiş qondarma 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmağı əsas vəzifə kimi qarşılarına qoymuşlar. Xatırladaq ki, ermənilər «Qərbi Ermənistan» dedikdə Türkiyənin 6 vilayətini- Ərzurumu, Vanı, Bitlisi, Diyarbakıri, Harputu və Sivası nəzərdə tuturlar.
Ötən əsrdə dəfələrlə ermənilərin etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından zorla qovulan Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdacaqları əminliyi revanşistləri narahat edən daha mühüm məsələdir. Amma bir məsələni erməni revanşistləri yaddan çıxmamalıdırlar: Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı zamanın hökmü, ədalətin tələbi kimi mütləqdir. Həmin dairələrə milli maraqlar üzərində qurulan Azərbaycanın xarici siyasətinin uğurlarını xatırlatmaq yerinə düşər. Azərbaycanın dünyada çox etibarlı tərəfdaş kimi tanındığını vurğulayan Prezident İlham Əliyevin «Mən bu və bütün başqa məsələlərdə, bütün çıxışlarımda tam səmimiyəm və hesab edirəm ki, Ermənistan tərəfi artıq bunu bilir. Nəyi deyiriksə, onu da edirik və onu nəzərdə tuturuq. Ancaq görünür ki, başqa mesajlar da verilmişdi onlara. Təbii ki, burada beynəlxalq aktorlar da çox mənfi rol oynamışdılar. Ermənistana və separatçılara müəyyən ürək-dirək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yaratdı ki, onlar bax, bu vəziyyətlə bağlı heç nə etməməlidirlər» sözləri Ermənistana seçimində prisipial olmağa çağırışdır.
Havadar axtarışlarında tez-tez yerdəyişmələrə əl atan, manevr edən Ermənistan həqiqi mənada etibarlı müttəfiq də tapa bilmir. Azərbaycanla şərti sərhəddə yerləşən mövqelərindən ölkəmizin hərbi hissələrinə daim atəş açan Ermənistanın kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, «gömrük, dəhliz» bəhanələri də baş tutan deyil.
Prezident İlham Əliyevin «Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi» sözləri Ermənistanı bir daha düşündürməlidir. Hazırda vaxt Azərbaycan saatı ilə işləyir.
Xuraman İsmayılqızı, «İki sahil»