Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev dövlətin şəhid ailələrinə və qazilərə sonsuz diqqətini yüksək dəyərləndirir
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Vətən müharibəsində uğurlu döyüşlərin gedişatı zamanı dəfələrlə yaralanıb. Bir müddət davam edən müalicədən sonra dərhal döyüşə qayıdıraq müxtəlif vəzifələrdə, o cümlədən C.Naxçıvanski adına Hərbi Liseyin və Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində idarə rəisinin müavini vəzifələrində xidmət edib. Qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və digər medallar ilə təltif olunub. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. İkinci dərəcəli müharibə əlilidir. Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisidir.
Rəşadətli döyüş yolundan danışan polkovnik Anar Mirzəyev bildirdi ki, 2020-ci il sentyabrın 27-də Bakıda hərbi hissədən yola düşərək Füzuli rayonu ərazisində döyüşə başladıq. Müharibənin ən ağır və çətin anları əsasən ilk günlər oldu. Düşmən 30 ilə yaxın zəbt etdiyi həmin yerlərdə çox güclü mühəndis-istehkam işləri görmüşdü. Bizim əsas üstünlüyümüz isə sonsuz Vətən eşqimizin, yüksək döyüş rəşadətimizin və təcrübəmizin olması idi. Şəxsi heyətə deyirdik ki, müharibədə qələbə qazanmaq xalqımızın haqqıdır, bizim isə müqəddəs borcumuz bir vətənpərvər əsgər olaraq bunu həyata keçirməkdir. Buna görə də sona qədər vuruşaraq işğal altında olan torpaqlarımızı azad etməliyik.
Gərgin gedən döyüşlərdə Anar Mirzəyev 3 dəfə yaralanıb. Deyir ki, 2020-ci ilin sentyabrın 30-da döyüşlərin çox ağır bir anında birinci dəfə yaralandım. Ön cəbhədə döyüşən taboru əvəzləmək istəyirdik. Ehtiyat taboru döyüşə aparmaq istəyən zaman düşmən tərəfindən atılan mərmi yanımıza düşdü. Qəlpənin biri boğazıma dəydi. Tez boğazımı tutdum və gördüm ki, qan gəlir. Bir anlıq hiss etdim ki, artıq həyatımın sonudur, mən də şəhid oluram...
Döyüşlərin son dərəcə qızğın vaxtı olduğundan şəxsi heyətə dayaq olmaq üçün tələsik boğazıma sarğı qoyulan kimi ayağa qalxaraq gülə-gülə dedim ki, narahat olmayın, heç vaxt düşmən gülləsi bizi yıxa bilməz. Sona qədər qəhrəmancasına döyüşərək Şuşaya getməliyik və oranı alandan sonra rahat dincələrik. Şəxsi heyətin coşqusu bu vaxt məni çox sevindirdi. Gecə saat 1-də Füzulidə yerləşən hospitala getdim. Rentgen olunduqdan sonra dedilər ki, qəlpə düz nəfəsliyin yanından keçərək şah damarın üstündə dayanıb. Həkim narahat oldu ki, qəlpəni çıxarmağa ehtiyat edirəm, şah damar zədələnsə, bunun qarşısını ala bilmərik. Dedim xahiş edirəm ki, nəzərə alın ki, təcili şəxsi heyətin yanına qayıtmalıyam. Həmin vaxt artıq işğal altında olan Füzuli rayonunun xeyli hissəsini azad etmişdik və Xocavənd istiqamətində irəliləyirdik. Qırmızı bazar istiqamətində döyüşə girməli idik. Düşmən isə məğlub olduğunu gördüyü üçün özünü itirdiyindən əsasən zirehli texnikaya atılan raketləri əlacsız qalıb tək hədəf olan əsgərə də atırdı... Birdən güclü bir uğultu səsi hiss etdim. Elə bildim ki, raket başımı bədənimdən ayırdı. Yerdən qalxan kimi yıxıldım. Mərmi qəlpəsi ayağımın bir hissəsini aparmışdı. Gözlərim tutulmuşdu, elə hiss etdim ki, artıq ayağım yoxdur.
Həmsöhbətim bildirdi ki, yaralandıqdan sonra bir müddət komada qaldım. 2020-ci ilin noyabrın 1-də hospitalda komadan ayılanda həkimlərin əhatəsində olduğumu hiss etdim. Birdən-birə düşündüm ki, bəlkə ermənilərin əlindəyəm. İki gündən sonra zarıya-zarıya soruşdum ki, mən haradayam, dedilər ki, Bakıda hərbi hospitaldasan. Bir də ayılan kimi əlim və ayağım barədə düşündüm. Həkim dedi ki, ayağın yerindədi, əlimə gələndə isə bir az fasilə verdi. Dedim ki, ayağımın və əlimin olması mənim üçün o qədər də maraqlı deyil, təki Vətən sağ olsun. Dedilər ki, qolun yerindədir, amma barmaqların qırılıb. Qolunu da amputasiya etmək istəyiblər. Dedilər ki, birinci gecə ilk əməliyyat 18 saat davam edib. Artıq nəbz itmişdi, qayıtdıqdan sonra qolumu kəsməyiblər. Sağ olsun həkimlərimiz, çətinliklə də olsa məni həyata qaytara biliblər.
Anar Mehman oğlu Mirzəyev 1982-ci il oktyabr ayının 25-də İsmayıllı rayonunda anadan olub. İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2004-cü ildə motoatıcı ixtisası üzrə zabit olub. Hərbi hissələrdə müxtəlif vəzifələrdə işləyib, dəfələrlə mükafatlandırılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə fəxri ada layiq görüldüyünü qürurla deyən həmsöhbətim həmin anları xatırlayaraq dedi ki, reanimasiyadan çıxdıqdan sonra yavaş-yavaş özümə gəlirdim. Sarğı otağı palata ilə üzbəüz olduğundan bir dəfə həkimdən xahiş etdim ki, istəyirəm sarğı otağına özüm gedim. Əvvəlcə razılaşmadılar, dedilər ki, heç olmasa, arabadan istifadə et. Tibb işçilərinin müşayiəti ilə divardan tuta-tuta getdim. Palataya qayıdanda gördüm ki, orada xeyli həkim toplaşıb, məni alqışlarla təbrik etdilər. Dedilər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə sizə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib. Sözün düzü, çox qürurlandım və bir anlığa fəxr etdim ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib xalqın qəhrəmanı olmuşam.
Döyüş yoldaşları ilə mütəmadi görüşərək müharibə dövründə göstərdiyi qəhrəmanlıqları xoş təəssüratlarla bölüşən polkovnik Vətən yolunda şəhid olan əsgərlərin də xatirəsini daim uca tutduqlarını bildirdi. Dedi ki, biz onları yad etməklə xalqımız üçün daim əbədi olan qəhrəmanlıq xatirələrini və ruhlarını yaşadırıq. Buna görə də hər bir şəhidin xatirəsini daum uca tutmaqla ailəsinə mənəvi dayaq olmağa çalışırıq.
Qeyd etdi ki, dövlət başçısı tərəfindən hər bir şəhid ailəsinə və qazilərə hərtərəfli qayğı göstərilir, onların bütün problemləri yerindəcə həll olunur. Bu istiqamətdə görülən məqsədyönlü tədbirlər xalqımız tərəfindən olduğu kimi, şəhid ailələri və qazilər tərəfindən də məmnunluq hissi ilə qarşılanır. Ümummilli Liderimiz Heydər Əliyevin xalqa bağlı şərəfli həyat yolunu və müdrik siyasətini uğurlu fəaliyyəti ilə davam etdirən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyəti hər birimizi son dərəcə sevindirir. Mütəmadi ziyarət etdiyim şəhid ailələrinin bu minnətdarlığını hər dəfə vurğuladıqca xüsusi qürur hissi keçirirəm. Belə ki, xalqımız böyütdüyü igid övladları ilə ölkəmizin suverenliyinə və dinamik inkişafına nail olub. Vətən yolunda şəhid olanların və sağlamlığını itirənlərin xatirəsi isə dövlət və xalqımız tərəfindən daim əziz tutulur. Bu səbəbdən də biz dünyada qəhrəman millət kimi tanınır, nüfuzumuz artır və ölkəmiz durmadan inkişaf edərək dünya birliyində yerini genişləndirir. Hər birimiz dövlətimizin bu humanist siyasətindən və uğurla həyata keçirilən Dövlət proqramlarından qürur duyuruq və bunu gələcək nəsillərə də ötürməyi özümüzə borc sayırıq.
Şəhid və qazi övladları ilə, o cümlədən qazilərlə mütəmadi görüşdüyünü deyən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev qeyd etdi ki, həmkarlar təşkilatının və mənim təşəbbüsümlə hər zaman şəhid ailələrinə mənəvi dayaq olmağı özümüzə mənəvi borc hesab edirik. Çünki bu görüşlərdə şəhidlərimizin qəhrəmanlıq döyüş rəşadəti barədə övladlarına ətraflı geniş məlumat verərək onları sevindiririk. Hiss edirəm ki, bizim hər görüşümüz və söhbətimiz balacalara mənəvi dayaq olmaqla, onları ruhlandırmaqla könlünü xoş edir. Bu səbəbdən də hər dəfə döyüş yoldaşlarımızla söhbətlərimizdə bu barədə ətraflı danışır və düşmənə qarşı birgə vuruşduğunuz şəhidlərin qəhrəmanlığını həmişə öz xidmətimizdən uca tutmağa çalışıram. Körpələrlə görüşlərdə atalarının rəşadətlı döyüş yolundan danışır və igidlikləri barədə təəssüratlarımızı bölüşürüq. Çünki mənəvi borcumuz olaraq hər bir şəhidimizin müharibədə nümayiş etdirdiyi qəhrəmanlığı daim yaşatmalı və gələcək nəsillərə ötürməklə monolit birliyimizi əbədi qorumalıyıq.
Mikayıl Quluyev,
Əməkdar jurnalist