29 aprel 2025 10:54
520

Prezident İlham Əliyevin Cinə dövlət səfəri maraqlı hadisələrlə, tarixi məqamlarla yadda qaldı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən günlərdə Cin Xalq Respublikasına (CXR) dövlət səfəri maraqlı hadisələrlə, tarixi məqamlarla diqqət çəkdi. Əslində,  beynəlxalq aləmin  diqqətlə  izlədiyi bu səfər Qlobal Cənubun dünya siyasətindəki roluna, regionda baş verən hadisələrin təhlilinə bir baxış idi. Ölkəmizin başçısının səfər öncəsi bu ölkənin Sinxua agentliyinə, səfər zamanı isə CGTN (China Global Television Network) telekanalının «Danışır liderlər!» verilişinə müsahibələrində iki ölkə arasındakı dostluq və əməkdaşlığa dair münasibətlərə geniş yer verildi.  Çin-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində yeni keyfiyyətlə, dünya siyasətinə uyğun davam etdiyini bildirən Prezident İlham Əliyev hər iki ölkə arasındakı əlaqələrin tarixi, müasir dövrdəki inkişafı ilə bağlı mühüm məqamlara aydınlıq gətirdi. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə imzaladığı «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə»nin” qəbulunu qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji əməkdaşlığın mühüm amilləri kimi dəyərləndirdi.

Bu gün  böyük tərəqqi yolu keçən Çinin təcrübəsindən istifadə edən ölkəmiz dünyada dəstəklənən «Yaşıl gündəlik» layihələrinin tətbiqində də bu dost ölkənin texnologiyalarından istifadə edir. İki ölkənin inikişafını şərtləndirən əsas hədəflərdən biri də bərpaolunan enerji sahəsində güclənən əməkdaşlıqdır. Qeyd edək ki, Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunur. Nəticədə iki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində birgə fəaliyyətə xüsusi diqqət göstərilir. Hazırda Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırlar. Birgə Bəyanatda qeyd olunduğu kimi, 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı ilə birgə əməkdaşlıq daha geniş sahədə davam etdiriləcək.

İki ölkə arasında genişlənən təhsil, səhiyyə, turizm sahələrində əlaqələrlə xalqlarımız arasındakı münasibətlər daha da genişlənir. Xüsusilə ölkəmizdə Çin-Azərbaycan Universitetinin yaradılması barədə təklifin reallaşması ilə mədəniyyətlər arasındakı əlaqələr də strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Sözügedən yüksəliş ticarət əməkdaşlığında da aydvn görünür. Hazırda Çində altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir ki, bu da Azərbaycan brnedli məhsullara tələbatın olduğunu göstərir.

Məlumdur ki, Xəzərin qərb sahilində yerləşən güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Azərbaycanın Çinlə strateji tərəfdaş olması Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıq münasibətlərin inkişafında da mühüm rol oynayır. Bu barədə Prezident İlham Əliyev deyib: «Biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim».

 Bu gün Qlobal Cənubun üzvü olan Çinlə səylərini birləşdirərək Qoşulmama Hərəkatındakı sədrliyi müddətində göstərdiyi təşəbbüskarlığı bu platformada da davam etdirmək istəyən Azərbaycan niyyətiyyətində qətiyyətlidir. Bu, qənaəti təsdiqləyən amillər yetərincədir. Təşəbbüskarlığını, sivilizasiyalar arasındakı körpü rolunu uğurla davam etdirən Azərbaycanın təcrübəsi nümunə göstərilir. Prezident İlham Əliyevin Çinə səfəri ərəfəsində verdiyi müsahibə və səfərin uğurlu nəticələri bir daha göstərdi ki, suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməməsi prinsipləri Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindəndir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri