30 aprel 2025 15:23
454

İran Prezidentinin Bakı səfəri tarixi məqamlarla zəngin idi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri hər iki ölkə  arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və iqtisadi cəhətdən tərəflər üçün xeyli səmərəlidir. Eyni zamanda, Azərbaycan-İran əməkdaşlığı regional sülhün qorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən mühüm amillərdəndir.

Ölkə rəhbərlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan və İran Prezidentləri mətbuata birgə bəyanatla çıxış etmişlər. Öz çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir. Dövlətimizin başçısı İran Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin yüksək səviyyəsinin təzahürü olduğunu vurğulayıb. Qeyd olunmalıdır ki, bu gün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edirlər.

Prezident İlham Əliyev mətbuata bəyanatında demişdir: « Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. BMT- də. İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır. Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən – ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir.»

Xatırladaq ki, Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin mühüm istiqamətlərindən biri də nəqliyyat və beynəxalq daşımalardır. Məlum olduğu kimi, coğrafi baxımdan Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə yükdaşımalarında strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı və tamamlanması baxımından mühüm şərtdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, İran Prezidenti ilə keçirdikləri görüşlər zamanı üçtərəfli əməkdaşlıq layihələri müzakirə olunub və onların arasında Şimal-Cənub nəqliyyat dəhlizi önəmli yer tutur.

Prezident Pezeşkianın səfəri iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın  yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər yalnız siyasi dialoqun davamlılığını deyil, eyni zamanda texniki, humanitar və mədəni sahələrdə də əməkdaşlığın strukturlaşmasını təmin edəcək. Dənizçilik sahəsində qarşılıqlı sertifikatların tanınması, media və mədəniyyət sahəsində uzunmüddətli proqramların imzalanması ikitərəfli münasibətlərin gələcək inkişafına strateji zəmin yaradacaq.

Bir sözlə,  Azərbaycan-İran münasibətləri artıq ənənəvi qonşuluq çərçivəsini aşaraq, regional və qlobal çağırışlara qarşı birgə mövqe nümayiş etdirməyə hazır olan strateji tərəfdaşlıq modelinə çevrilmişdir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri