30 aprel 2025 16:48
185

Azərbaycan -İran bütün istiqamətlər üzrə bir-birinə yaxın olmağa çalışır

Azərbaycan bütün qonşularla, o cümlədən İranla əlaqələrin inkişafında maraqlı olub və bu siyasət bu gün də davam edir. Məsud Pezeşkianın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsi yolverilməzdir. Bakı və Tehran bundan sonra bu cəhdlərin qarşısını birlikdə almalıdır. Çünki ikitərəfli münasibətlərin inkişafı regional təhlükəsizlik baxımından vacibdir.
Diqqət çəkən məqamlardan biri Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən səfərin təxirə salınmaması oldu. Bu, Tehranın Bakı ilə yüksək səviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi. Dövlət başçılarının səsləndirdiyi bəyanatlar, imzalanan sənədlər ikitərəfli münasibətlərdə artıq yeni mərhələnin başladığını söyləməyə əsas verir. Bu vaxta qədər yaranmış narazılıqlara baxmayaraq, İran-Azərbaycan münasibətlərində hər zaman yaxın qonşuluq, ortaq tarixi və mədəni irs mövcud olub. Bu səfər zamanı hazırda dünyada müşahidə olunan geosiyasi və iqtisadi reallıqlar fonunda Bakı və Tehran  münasibətləri uğurla davam etdirmək niyyətini açıqladı. 

Xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə yaradılan 3+3 formatına İranın da cəlb olunması təsadüfi deyildi.  Eyni zamanda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı da davam etdirilir və bunun təşəbbüskarı da məhz Prezident İlham Əliyevdir. Məlum olduğu kimi, 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşləri keçirilib. Səfər zamanı dövlət başçılarının müzakirə etdiyi əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Hər iki ölkə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edir. Dövlət başçımız bəyan etdi ki, biz bunun sadəcə, nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratmasını istəyirik və bunun üçün kifayət qədər imkanlar var. Qara dənizlə Fars körfəzini birləşdirən Araz dəhlizinə gəlincə, bu, həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İran və Azərbaycan arasında ticarət əlqələrini gücləndirəcək.

Yəni, Azərbaycan özünün dəmiryolu infrastrukturunu yeniləməsi həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.
İran prezidenti də qeyd etdi ki,  biz elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün təbii ki, qarşılıqlı səylər vacibdir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı