01 may 2025 01:56
129

Yəhudilər Azərbaycanın apardığı siyasəti daim dəstəkləyirlər

Hər il mayın 10-u yaxınlaşdıqca ölkəmizin taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi anılır, Azərbaycanın inkişafındakı əvəzsiz fəaliyyəti  minnətdarlıqla  yada salınır. Dünyanın tanıdığı, şəxsiyyətinə rəğbət və hörmət bəslədiyi Ulu Öndərin bir insan ömrünə sığışmayan titanik fəaliyyəti, ağlagəlməz siyasi səriştəsi, fenomen yaddaşı, müqayisəolunmaz diplomatik iş bacarığı və digər keyfiyyətləri onu bəşərin fövqünə ucaltmışdı.

Dahi rəhbər xalqlarla dostluğa, əməkdaşlığa xüsusi önəm verirdi. Ona görə də onu Rusiyada, Türkiyədə, Bolqarıstanda, Ermənistan istisna olmaqla, bütün Sovet İttifaqında sevirdilər.

Onlar bu gün də Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edirlər. Çünki xalqlar arasında tolerant mühit yaratmışdı.

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İsraillə möhkəm dostluq münasibətlərinin əsasını qoyub.” Bu fikirləri Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemiya Şirin Mikaeli Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin humanist siyasəti sayəsində yəhudi xalqı Azərbaycanda rahat və təhlükəsiz mühitdə yaşayır. Burada vurğulayaq ki, yəhudilər yüz illər boyu Azərbaycanda əmniyyət içərisində yaşamış və azərbaycanlılarla dostluq münasibətləri saxlamışlar. Bu münasibətlər Heydər Əliyevin hakimiyyəti illərində daha yüksək səviyyədə olmuşdur. Keçən bu uzun müddətdə onlar tərəfindən bir dəfə də olsa narazılıq eşidilməyib. Yəhudilər Azərbaycanın xoş günlərində də, kədərli dönəmlərində  də yerlilərlə birgə olublar.

Nehemiya Şirin Mikaeli sözünə davam edərək bildirib: "Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev onun siyasi kursunu davam etdirərək, iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirir. Azərbaycan İsrailin yaxın və etibarlı dostudur. Bu fikri Azərbaycan torpağında olmuş hər bir yəhudinin dilindən eşitmək olar".

Tədbir çərçivəsində, həmçinin İsrailin müdafiə nazirinin müşaviri Pavel Yelizarov çıxış edərək rəsmi Bakı və Təl-Əviv arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyib.

Məmnunluqla qeyd etməliyik ki, bu gün böyük Heydər Əliyevin vaxtilə əkdiyi ağacların şirin bəhrəsini görürük. Yaddaşımızda əzizləyərək yaşatdığımız tankçı Albert Aqarunov Birinci Qarabağ müharibəsində göstərdiyi döyüş rəşadətlərinə görə, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi ən yüksək hərbi ada layiq görülmüşdür.  O, bu yüksək ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir. O, döyüş yolları ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri yazılmış, büstü qoyulmuş, paytaxtda adına küçəyə verilmiş və həmin küçədə heykəli ucaldılmışdır.

Yaddan çıxarmırıq ki, İkinci Qarabağ müharibəsində İsrail dövlətinin mənəvi dəstəyi əvəzsiz idi. Biz bu dəstəyi yüksək qiymətləndirsək də, bəzi dövlətlərdə qısqanclıqla qarşılanır, hətta ona təzyiq göstərməyə cəhd edilirdi. Lakin İsrail hökuməti öz mövqeyindən geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

Dahi rəhbərimizin ağıllı milli siyasətinin nəticəsidir ki, dost yəhudilər dünyanın nüfuzlu dövlətlərində Azərbaycanın apardığı siyasəti və tutduğu mövqeyi daim dəstəkləyirlər. Lap yaxın vaxtlarda ABŞ-dakı yəhudi lobbisinin 50 nəfər üzvünün toplaşaraq Prezident  Donald Trampa müraciət etməsi böyük siyasi əhəmiyyət kəsb edir. Nüfuzlu ravvinlər Prezidentdən xahiş ediblər ki, bir neçə türk-müsəlman ölkəsi İbrahim razılaşmasına daxil edilsin. Azərbaycan həqiqətlərinə müsbət yanaşılsın, barəsində haqsızlığa yol verilməsin. Vaxtilə ona tətbiq edilən “907”ci düzəlişin aradan qaldırılmasına köməklik etsin. Bu, yəhudilərin Azərbaycana doğma münasibətindən irəli gəlir, onlar buranı özlərinin ikinci Vətəni sayırlar. Dağ yəhudiləri Azərbaycanın tamhüquqlu  vətəndaşlarıdır. Əsasən ölkəmizin şimal rayonlarında və Bakıda yaşayan yəhudilər üçün hər cür şərait yaradılıb, nümayəndələri Azərbaycanın Milli Məclisində təmsil olunur.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır: Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Gürcüstan Yəhudilərinin Bakı dini icması, Sumqayıt Yəhudiləri dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması, Azərbaycan Yəhudiləri dini icması, Oğuz şəhəri Yəhudi dini icması, Bakı şəhəri “Yerusəlimin işığı” yəhudi dini icması.

Yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılırlar. Respublikada Azərbaycan-İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənələrinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər - iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir.

Xatırladaq ki, 1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr cəmiyyəti təsis edilib, bu cəmiyyət “Az-İz” abreviaturalı qəzet nəşr etməyə başlayıb. 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulub. Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün Avropa yəhudilərinə bütün lazımi şərait yaradılıb. Bütün bunlar Azərbaycan-İsrail münasibətlərinin daha da sıxlaşmasında mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə heç vaxt yəhudilər barədə ayrı-seçkiliyə yol verilməyib və hazırda ölkəmizin taleyində əhəmiyyətli rol oynayırlar.

Vəli İlyasov, “İki sahil”