01 may 2025 18:44
330

Azərbaycan-İran münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilir

Azərbaycan və İran arasında əsrlərlə formalaşmış ortaq mədəniyyət və tarixi ənənələr üzərində qurulub. İki xalqın tarix boyunca bir-biri ilə sıx təmasda olması, ortaq sivilizasiya dəyərləri yaratması və mənəvi bağlılıqları dövlətlərin bugünkü diplomatik münasibətlərinə də dərin təsir göstərir. Məhz bu zəngin tarixi və mənəvi irs əsasında ölkələrarası münasibətlər suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu dəyərlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə əlverişli zəmin yaradır.

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında münasibətlərin dərin tarixi köklərə, etibarlı dostluq və tərəfdaşlığa əsaslandığını bir daha təsdiqləyir. Keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər, səsləndirilən bəyanatlar bu səfəri təkcə diplomatik hadisə deyil, həm də regional geosiyasətin mühüm amili kimi ön plana çıxarır.

İki dövlət beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq çoxtərəfli diplomatiya müstəvisində qarşılıqlı dəstəyə və ortaq mövqelərin qorunmasına imkan yaradır. Dövlətimizin başçısı bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik.

Azərbaycan və İran arasında geoiqtisadi əməkdaşlığın əsas dayaqlarından biri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Asiya və Avropanı birləşdirən bu strateji marşrut ticarət axınlarını sürətləndirmək və regionlar arasında daha sıx iqtisadi əlaqələr qurmaq məqsədi daşıyır.

Azərbaycan-İran münasibətləri artıq ənənəvi qonşuluq çərçivəsini aşaraq, regional və qlobal çağırışlara qarşı birgə mövqe nümayiş etdirməyə hazır olan strateji tərəfdaşlıq modelinə çevrilmişdir.

Könül Dərziyeva,
YAP Xətai rayon təşkilatının Lütfizadə 6 ünvanında yerləşən ərazi  partiya təşkilatının üzvü