09 may 2025 12:25
101

İrakli Kobaxidze: Bu ədalətsizlik avropalı məmurların əli ilə həyata keçirilir

Avropa strukturlarında çalışan bəzi məmurlar “Deep State” (dərin dövlət) adlandırılan qüvvələrdən tapşırıq alaraq Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş siyasət yürüdürlər.

“İki sahil” xəbər verir ki,  bunu ölkənin Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə yaşanan ədalətsizliklərdən danışarkən bildirib. O xatırladıb ki, 2022-ci ildə Gürcüstan xalqına heç bir əsaslandırma olmadan namizəd statusu verilmədi. Sonra isə Aİ ilə danışıqların açılması rədd edildi: "Bu, ədalətsizliyin davamıdır. Təəssüf ki, bu ədalətsizlik avropalı məmurların əli ilə həyata keçirilir. Biz hər şeyi etdik ki, Gürcüstan namizəd statusu alsın. Lakin bu günə qədər 2022-ci ildə niyə bu statusdan məhrum edildiyimizə dair cavab yoxdur".

İ.Kobaxidzenin sözlərinə görə, “Deep State” nümayəndələri Gürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb ediblər, amma hökumət bu təklifi rədd edib. Bunun ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidəki səfiri geri çağırıb. "Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki bu, koordinasiyalı şəkildə həyata keçirilmişdi. Bizə deyildi ki, sanksiyalara qoşulmalıyıq və könüllü döyüşçülər göndərməliyik. Biz bunu etmədik, nəticədə səfir geri çağırıldı. Və bu iki səbəbə görə – sanksiyaların tətbiq olunmaması və döyüşçülərin göndərilməməsi – bizə qarşı siyasi təzyiqlər başladıldı", - deyə Baş naziri vurğulayıb.