09 may 2025 17:46
122

Tramp Pekini Çin bazarlarını Amerika malları üçün açmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Çinin bazarlarını Amerika məhsulları üçün açmalı olduğunu söyləyib və bunun Çinin özü üçün faydalı olacağını vurğulayıb.

“İki sahil” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Çin öz bazarlarını ABŞ üçün açmalıdır - bu, onlar üçün çox yaxşı olacaq! Qapalı bazarlar artıq işləmir”, - o qeyd edib.

Tramp həmçinin Çin mallarına 80 faizlik tariflərin tətbiqinin mümkünlüyünü qeyd edib və belə bir tədbiri doğru addım adlandırıb. O, daha 145 %-lik hazırkı tariflərin çox yüksək olduğunu etiraf edib və Pekinlə ticarət razılaşmasından sonra onları azaldacağına söz verib.

Amerika tariflərinə cavab olaraq, Çin də ABŞ-dan gələn mallara öz tariflərini tətbiq edib; bu, 125 % təşkil edir.

Çin Xarici İşlər Nazirliyi “ticarət müharibəsi”ni Pekinin yox, Vaşinqtonun başlatdığını bəyan edib və ABŞ-ni qarşı tərəfə hörmət göstərərək danışıqlar aparmağa çağırıb.

Qeyd edək ki, bu həftə sonu Cenevrədə ABŞ və Çin arasında uzun müddətdir davam edən ticari gərginliyini azaltmağa yönəlmiş ilk rəsmi danışıqlar keçiriləcək.

ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir, Çin nümayəndə heyətinə isə Baş nazirin müavini He Lifen rəhbərlik edəcək. Tərəflərin mümkün tariflərin azaldılması, ixrac nəzarəti və “ticarət müharibəsi”ndə gərginliyi azaltmaq üçün digər tədbirləri müzakirə edəcəyi gözlənilir.