09 may 2025 21:55
99

Uşaqların bu boyda əziyyətini yerə vurur - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 34-cü turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib. 

“İki sahil” xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında xal qazanmaq istədiyini deyib: "Bu mövsüm "Sabah"la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar. Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq, futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. "Şamaxı" qarşısına qoyulan məqsədə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik".

Mütəxəssis bildirib ki, oyunun baş hakimi Fərid Hacıyevdən həmişə narazı olub: "Çox danışmaq istəmirəm. Deyirik, gəncdirlər, həmişə dəstək oluruq. Top çıxıb, amma cərimə verir. Ayıbdır. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum künc zərbəsi oldu. O da qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi. Bundan sadə epizodlarda bizə "sarı" verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlarda çox zəif idarə edir. Bilmirəm, nədən irəli gəlir".