21 mart 2026 12:00
233

Yeni qanunvericilik aktları nələr vəd edir?

Ölkəmizdə sosial islahatlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şübhəsiz, bütün bunları Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi strateji əhəmiyyətli vəzifələri həyata keçirən ölkəmizin vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahının yaxşılaşdırılması kimi xarakterizə etmək olar. Belə ki, sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin rifah halı, güzəranı gündən-günə yaxşılaşır. Odur ki, həyata keçirilən sosial layihələr, proqramlar vətəndaşlarımız tərəfindən böyük razılıq və rəğbətlə qarşılanır. Yeri gəlmişkən, sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi də ildən-ilə artırılır.

Bir neçə gün öncə Prezident İlham Əliyevin Fərmanları ilə dövlət qulluğunda əməkhaqqı sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bu sahədə çalışanlara ödənilən mükafat, staja görə əlavələr və müalicə müavinətləri ləğv olunub. Bəri başdan qeyd edək ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul edilən son dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslın sosial islahatların mühüm tərkib hissəsidir.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı məsələsində bir qədər qeyri-müəyyənlik özünü göstərirdi. Məsələn, hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Onlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə biraylıq vəzifə maaşı həcmində müavinət verilirdi və s.

Yeni sənədlərə əsasən, ləğv edilən bu əlavələr dövlət qulluğunda çalışanların vəzifə maaşlarının baza hisəsinə daxil edilib. Bu da əməkhaqqının baza hissəsinin kəskin güclənməsi, həm də vahid əməkhaqqı modelinin modernləşdirilməsi deməkdir. Çünki bu kimi addımlar dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidməti özündə ehtiva edir.

Mütəxəssislər bildirirlər ki, beynəlxalq təcrübəyə uyğun olaraq mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsi sosial müdafiəni gücləndirməklə yanaşı, peşəkar kadr siyasəti üçün sağlam zəmin yaradacaq, korrupsiya risklərini azaldacaq. Yeri gəlmişkən qeyd edək ki, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Bu isə özəl sektorun əməkhaqqı və digər sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etməsi nəzərə alınmaqla, müasir əmək bazarının şərtləri ilə tam uyğunlaşmırdı. Bu mənada dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib desək, yanılmarıq. Bir sözlə, bu dəyişilik dövlət aparatının effektivliyinin artırılması, şəffaflığın təmin olunması, insan resurslarının daha rasional idarə edilməsi baxımından həm də strateji əhəmiyyətə malikdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”