Polşanın paytaxtı Varşavanın mərkəzində sağçı və millətçi qrupların təşkilatçılığı ilə “immiqrasiyaya qarşı yürüş” keçirilib.
“İki sahil” xəbər verir ki, yürüş “Republika” telekanalı tərəfindən birbaşa yayımlanıb. Aksiyada təxminən 15 min nəfərin iştirak etdiyi bildirilir.
Tədbir saat 12:00-da Roman Dmovski kəsişməsindən başlayıb. Təxminən bir saat sonra təşkilatçılar və sağçı siyasətçilərin çıxışlarından sonra etirazçılar baş nazirin ofisinə doğru hərəkət ediblər.
Yürüşdə keçmiş mədəniyyət naziri Pşemıslav Çarnek də daxil olmaqla ifrat sağçı “Konfederasiya” hərəkatının və əsas müxalifət partiyası olan “Hüquq və Ədalət” partiyasının nümayəndələri iştirak ediblər.
Etirazçılar Polşa bayraqları və “İmmiqrasiyaya yox”, “Köçürülməni dayandırın” şüarları yazılmış pankartlarla çıxış ediblər.
Aksiyanın təşkilatçısı Robert Bonkeviç çıxışında baş nazir Donald Tuskun siyasətini kəskin tənqid edib və onu Berlinin qeyri-qanuni miqrantların Polşaya köçürülməsi ilə bağlı planlarına razılıq verməkdə ittiham edib. O, həmçinin Polşa-Almaniya sərhədini blokadaya almaqla hədələyib.
Yürüş zamanı səsləndirilən şüarlar arasında faşist işğalına görə Almaniyadan təzminat tələb etmək çağırışları da yer alıb.