KK-nın özünü büraxmaqla bağlı bəyanatı və Rusiya-Ukrayna danışıqlarının Türkiyədə keçirilməsi qardaş ölkənin geosiyasi gücünün təntənəsidir
Ötən həftə qapdaş Türkiyə üçün çox önəmli hadisələrlə yadda qaldı. İlk növbədə PKK terror təşkilatı mayın 11- də özünü buraxdığını elan etdi. Bu, Türkiyənin 40 ildən çoxdur mübarizə apardığı və on minlərlə şəhid verdiyi qanlı terrora qarşı önəmli mübarizənin Zəfərlə başa çatması deməkdir. Xatırladaq ki, Türkiyə dövləti hər il terrorla mübarizəyə 100 milyonlarla dollar xərcləyirdi. PPK-nın özünü büraxması ilə bağlı bəyanatı isə ilk növbədə Türkiyədə siyasi barışı sürətləndirəcək ki, bu da ölkənin iqtisadi inkişafına yeni imkanlar qazandıracaq. Ona görə ki, ötən onilliklər ərzində PKK və onun arxasındakı güclər Türkiyənin inkişafının qarşısını məhz terrorla almağa çalışıblar.
Düzdür, PKK-nın silahı buraxaraq özünü ləğv etməsi haqqındakı bəyanatı hələlik sözdədir. Qarşıdakı günlərdə bu təşkilatın konkret hansı addımlar atacağı barədə dəqiq informasiya yoxdur. Məsələn, on minlərlə türk əsgərini və dinc sakinləri qətl edən PKK rəhbərlərinin bundan sonrakı taleyi necə olacaq, terrorçular təslim olduqdan sonra silahlarının hamısını təhvil verəcəklərmi və yaxud PKK-nın bundan sonra siyasi fəaliyyətə üstünlük verməsi Türkiyə üçün yeni təhlükələr yaradacaqmı kimi suallar da hələ də açıq qalır.
Əslində, PKK-nın özünü buraxması haqqında qərarı ondan qaynaqlanır ki, son dövrlərdə Prezident Rəcəb Tayyib Ərdoğan və onun siyasi müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı Bahçelinin barış təklifini vaxtında və düzgün qiymətləndirdilər. PKK anladı ki, hər gün güclənən və geosiyasi çəkisi artan Türkiyə ilə müharibəni uzatmaq onların fiziki sonunu tezliklə gətirəcək. Çünki Türkiyənin Suriyadakı PKK yönümlü Bəşər Əsəd rejimini devirərək qurduğu yeni hakimiyyəti gücləndirməsi oradakı bir çox terrorçu təşkilatları ciddi şəkildə qorxuya salıb. Xatırladaq ki, PKK-nın ən güclü dəstəsi məhz Suriyadadır və onlar həmin ölkənin 30-40 faizinə nəzarət edirlər. Eyni zamanda, Bəşər Əsəd hakimiyyəti və onun arxasındakı dövlətlər (Rusiya, İran, Fransa və ABŞ) bu terrorçu təşkilatı hətta ən müasir silahlarla təmin edir, onlara hərbi təlimlər keçirdilər. Xüsusilə ABŞ-ın sabiq Prezident Baydeninin dövründə minlərlə silah yüklü TIR- lar PPK terrorçularına peşkəş edilmişdi
Lakin ABŞ-ın yeni Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birlərinə qarşı bəslədikləri simpatiya bu məsələdə də PKK-nı məyus edən mühüm amillərdən biridir. Xatırladaq ki, hətta Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxaracağını bəyan etməsi və bu ölkənin təhlükəsizliyində Türkiyənin önəmli rol alacağını vurğulaması sonrakı hadisələrin axarını müsbətə doğru dəyişdirdi. Bundan başqa, PKK-nın rəhbərləri də anladılar ki, terrorun kürdlərə heç bir faydası olmayıb və olmayacaq da… Əksinə ötən bir neçə ildə bu terror təşkilatına inamını itirənlərin sayı xeyli çoxaldı.
Qardaş Türkiyənin geosiyasi həyatındakı digər önəmli məsələ Rusiya Prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə sülh danışıqlarına başlamaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana minnətçi düşməsidir. Bəs niyə məhz İstanbul və Rəcəb Tayyib Ərdoğan? Xatırladaq ki, bu danışıqlar üçün ilk olaraq Vaşiqnqtonda hər iki ölkənin nümayəndələri görüşmüşdülər. Bundan əvvəl isə amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu Səudiyyə Ərəbistanında müzakirə etmişdilər. Lakin bu görüşlərdən ciddi bir nəticə alınmamışdı.
Vladimir Putinin danışıqlarda İstanbulu seçməsinin bəzi detalları məlumdur. Belə ki, Rusiya və Ukrayna təmsilçiləri hələ üç il əvvəl də İstanbulda görüşmüş və sazişi imzalamağa yaxın olmuşdular. Hətta o vaxt blokadada qalmış taxıl tankerləri də Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti ilə açıq dənizə buraxılmışdı. Buna görə də Rusiya rəhbəri üç il əvvəl yarımçıq qalmış danışıqların yenidən İstanbulda davam etdirilməsində maraqlı görünür..
Kreml sahibinin danışıqlar üçün Türkiyəni hədəf göstərməsinin digər səbəbi odur ki, qardaş ölkədən fərqli olaraq Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi əməkdaşlıq zəminində Vaşinqtondan xeyli dərəcədə asılıdır. Əvəzində Türkiyə müstəqil regional siyasət yürüdən dövlətdir. Müsbət haldır ki, Ukurayna Prezidenti Volodimir Zelenski də İstanbulun görüş yeri seçilməsinə etiraz etmir. Axı, Türkiyənin Rusiya ilə yanaşı, Ukrayna ilə də sıx dialoqu mövcuddur. Bütün bunlar isə Türkiyənin bölgədəki geosiyasi üstünlüyüdür”.
Elçin Zaman, «İki sahil»