Qətər ABŞ prezidenti Donald Trampa “Boeing 747-8” hədiyyə etməyi planlaşdırmır, hava gəmisinin rəsmi səviyyədə ona təhvil verilməsi müzakirə edilir.
“İki sahil” xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bəyan edib.
“Bu, çox sadə hökumətlərarası sazişdir. Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi bizim təyyarələrimizdən birinin Air Force One (Bir nömrəli təyyarə - Qeyd) kimi istifadəyə verilməsi imkanını müzakirə edir. Bu məsələ hüquqi ekspertiza mərhələsindədir”, - deyə Al Tani bildirib.
Baş nazir qeyd edib ki, təyyarənin qanunsuz olduğu aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək.
Qeyd edək ki, Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.