Böyük Britaniya hökumətinin meşə yanğınları ilə bağlı milyonlarla mobil telefona göndərdiyi fövqəladə xəbərdarlıq ictimaiyyət arasında narazılığa səbəb olub.
“İki sahil” “The Telegraph”a istinadla xəbər verir ki, avqustun 14-də ölkə üzrə milyonlarla insana mobil telefon vasitəsilə bildiriş göndərilərək manqal və fişənglərdən istifadənin meşə yanğınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib. Baş nazir Endi Börnhem əhalini xəbərdarlığa ciddi yanaşmağa çağırıb. Lakin bildiriş göndərildikdən qısa müddət sonra sosial şəbəkələrdə fövqəladə xəbərdarlıq sistemini necə deaktiv etməklə bağlı çoxsaylı paylaşımlar yayılıb.
Bəzi sürücülər xəbərdarlıq siqnalının avtomobil yollarında çaşqınlıq və təşviş yaratdığını bildiriblər. Hökumətin bu addımı, həmçinin sistemin 2023-cü ildə əsasən insanların həyatı üçün ciddi təhlükə yaradan fövqəladə hallarda istifadə məqsədilə yaradıldığı əsas gətirilərək tənqid olunub. Məlumata görə, hökumət əvvəlcə xəbərdarlığın yalnız meşə yanğınlarından daha çox təsirlənən bölgələrə, o cümlədən İngiltərənin şərq və cənub-şərq hissələrinə, eləcə də qərbi Midlendsin bəzi ərazilərinə göndərilməsini nəzərdən keçirib. Lakin günün ikinci yarısında yanğın və xilasetmə xidmətlərinin ölkə üzrə artan təzyiqlə üzləşməsi səbəbindən xəbərdarlığın bütün ölkəni əhatə etməsinə qərar verilib.