15 may 2025 15:16
127

Əldə olunan razılaşmalar yaxın gələcəkdə real layihələrə çevriləcək

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Vyetnam və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı səmərəli ola bilər. Azərbaycanın enerji resursları və nəqliyyat infrastrukturu, Vyetnamın isə sürətlə inkişaf edən bazarı və enerji təlabatı bu əməkdaşlığı daha da cəlbedici edir. Təbii qaz, neft və bərpaolunan eneji və enerji infrastrukturu layihələrində birgə addımlar atmaqla, iki ölkə uzun müddətli strateji tərəfdaşlıq qura bilər.

Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan ilə Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini açıq şəkildə göstərir. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, bu gün daha çox ticarət əməkdaşlığı formasında mövcud olan münasibətlərimiz yeni məzmun kəsb etməyə başlayacaq. Çünki görüş zamanı qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Əslində hər iki dövlət arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır. Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, dövlətlərarasındakı ticarət dövriyyəsini daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, İlham Əliyev də vurğuladığı kimi qarşılıqlı informasiya mübadiləsi lazımdır, hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Görüş zamanı iki dövlət arasında bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparıldı. Hörmətli qonağa Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı olduğu barədə məlumat verilib, imzalanmış kontraktların 5 il bundan sonra Azərbaycan Respublikasına 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracağı bildirilib və Vyetnam şirkətlərinə investisiya qoymaq təklif edildi, eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu nəzərlərinə çatdırıldı.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, yeni əməkdaşlıq imkanları yaradır və ölkəmizi dünya miqyasında etibarlı tərəfdaş kimi tanıdır. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri də bu siyasətin uğurlu nəticələrindən biridir və inamla demək olar ki, əldə olunan razılaşmalar yaxın gələcəkdə real layihələrə çevriləcək.

Sevda Hacıyeva,
48 saylı tam orta məktəbin müəllimi