18 may 2025 19:51
94

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə əhəmiyyətli beynəlxalq platformadır

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində gərginliklər və qeyri-konstruktiv proseslər müşahidə edilir. XXI əsrin üçüncü onilliyini yaşadığımız dünyada müxtəlif xarakter daşıyan münaqişələrin sayı artıb. Baş verən gərgin geosiyasi mübarizələr fonunda beynəlxalq platformalarda vəziyyətin təhlili və çıxış yollarının axtarılması olduqca önəmlidir. Məsələyə bu prizmadan yanaşdıqda qeyd etmək lazımdır ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) növbəti tədbirinin Azərbaycanda keçirilməsi qlobal siyasət baxımından əhəmiyyətlidir. Bu gün dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu beynəlxalq platformanın planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını görərik.

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilib. Bu sənədlər “AQEM-ə üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası – Sammit (prosedur qaydalarına uyğun olaraq dörd ildən bir toplanır), Xarici İşlər Nazirləri Şurası (dörd ildən bir toplanır) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azı ildə iki dəfə toplanır).

Azərbaycan Qazaxıstanın AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biridir və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib. 2021-ci ildə isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil olunub. Bundan başqa, 2018-ci ilin aprel ayında Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib.

AQEM-in zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də nazirlər iclaslarının sənədlərində, davamlı olaraq, separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib və üzv dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında qurulmalı olduğu qeyd edilib.

2023-cü ilin 21 sentyabr tarixində keçirilmiş AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası ilə bağlı Yol Xəritəsi qəbul edilib. Hazırda sözügedən Yol Xəritəsində əksini tapmış müddəaların icrası istiqamətində fəaliyyət davam etdirilir.

AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində, AQEM-in Biznes Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Mayın 20-də AQEM Biznes Şurasının 8-ci Plenar İclası Bakıda keçiriləcək ki, bu da təsadüfi xarakter daşımır. Bu gün Azərbaycan öz iqtisadi inkişafı ilə istər regional, istərsə də qlobal səviyyədə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin aparıcı iştirakçısıdır. İlk növbədə, qeyd etməliyik ki, coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ticarət yollarının inkişafı üçün infrastrukturunu tamamilə yeniləyib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Cənub Qaz Dəhlizi, yaxın illərdə istifadəyə veriləcək Zəngəzur Dəhlizi və Xəzər ilə Qara dənizi birləşdirəcək elektrik enerjici ixracı kabeli, eləcə də digər daxildəki infrastruktur layihələri AQEM dövlətləri üçün mühüm fürsətdir, ümumi inkişaf üçün isə verilən böyük töhfədir.

Çinin Baş Gömrük İdarəsinin məlumatına əsasən, 2024-cü ildə Avropa İttifaqı (Aİ) ilə Çin arasındakı ticarətin həcmi 0,4 faiz artaraq 786 milyard dollara çatıb. Bu dövr ərzində Çinin Aİ-yə ixracı 3 faiz artaraq 517 milyard dolar həcmində olub. Aİ-dən Çinə isə ixrac 4,4 faiz artaraq 269 milyard dollara təşkil edib. Bu rəqəmlər iki nəhəng iqtisadi aktor arasında yükdaşımaların, nəqliyyat və tranzitin də inkişafını şərtləndirir. Bunları nəzərə alaraq Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun da siyasi və iqtisadi mahiyyətini də qeyd etmək lazımdır.

AQEM platforması dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yollarını müəyyənləşdirir. Çünki məhz bunlar dünyamızı hazırkı gərgin vəziyyətə gətirib çıxarıb. AQEM-in iştirakçısı olan dövlətlər iqtisadi əməkdaşlıqla yanaşı, siyasi təhlükəsizliyin də əsasını yaradıblar. İqtisadi maraqlar iştirakçı dövlətləri bir-birinə siyasi dəstək vermək zərurətini yaradıb.

AZƏRTAC