23 may 2025 12:45
264

Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi zamanın tələbidir

"Əsası 16 il öncə Naxçıvanda qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) bü gün qlobal siyasi güc mərkəzinə çevrilməkdədir. Davamlı şəkildə keçirilən yüksəksəviyyəli görüşlər,  müzakirələr, birgə layihələr təşkilatın inkişafında müstəsna rol oynayır. Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də bu mənada xüsusi əhəmiyyət kəsb edir.  Görüşün “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı altında baş tutması mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir. Azərbaycanın təşkilatın inkişafında, türk dövlətləri arasında əlaqələrin genişlənməsində oynadığı rol xüsusi vurğulanmalıdır. Ötən ilin iyul ayında Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, mühüm məsələləri əhatə edən Qarabağ Bəyannaməsinin qəbulu böyük əhəmiyyətə malikdir. Bu sənəd türk dünyasının həmrəyliyinin, üzv ölkələr arasında əməkdaşlığın, təşkilatın beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə dəyərli töhfələr verməkdədir. Dünyada geosiyasi gərginliklərin, regional münaqişələrin və təhdidlərin artıdğı bir vatxda  türk dövlətlərinin vahid bir mərkəzdə birləşərək barışdırıcı mövqe sərgiləməsi, sülh təşəbbüsləri ilə çıxış etməsi olduqca təqdirəlayiqdir. Həmçinin bu gün dünyanın müxtəlif bölgələrində baş verən toqquşmalar təşkilata üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın zəruriliyini gündəmə gətirir".

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva qeyd edib.

Onun sözlərinə görə, Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışında çox vacib məqamlara toxundu: “Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü Budapeştdə təşkil edilib. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. İqtisadiyyatın müxtəlif sahələrində təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu müstəvidə Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün ölkəmizin öz sərmayələrini artırması Türk Dövlətləri Təşkilatının iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə ümumilikdə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.  Azərbaycanın Orta Dəhliz layihəsi türk dünyası ölkələrinin birliyinə mühüm töhfədir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir. Bu rəqəmin 30 milyon tona çatdırılması üçün imkanlar var. Bir sözlə, ölkəmiz Şərqdən Qərbə uzanan marşrutun səmərəliliyini artırmaq gücündədir. Zəngin təbii ehtiyatlara malik olan Türk Dövlətləri Təşkilatı ölkələri  neft yataqları, təbii qaz, kömür, dəmir filizi və bu kimi qiymətli  ehtiyatlara sahibdir. Bütün bunlar Türk Dövlətləri Təşkilatının daha güclü mərkəzə çevrilməsini zəruri edir”.

M.Vəliyeva qeyd etdi ki,  Budapeştdə keçirilən TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən Bəyannamə çox böyük əhəmiyyətə malikdir: “Üzv dövlətlər arasında həmrəyliyi bir daha təsdiqləyən və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC), Macarıstan və Türkmənistanı “Türk dünyasının ayrılmaz hissəsi” kimi tanıyan bu sənəd təşkilat daxilində institusional gücü artıracaq, regional əlaqələri dərinləşdirmək və qlobal məsələlərdə koordinasiyanı gücləndirəcək.  TDT ŞKTC-nin təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib və Kıbrıs münaqişəsinin uzun illərdir davam edən həllinə dair “qarşılıqlı qəbul edilə və həyata keçirilə bilən” bir həll yolu çağırışı edib. Bu həll yolu adadakı mövcud reallıqlara əsaslanmalı və Kıbrıs türklərinin bərabər hüquqlarını təmin etməlidir. TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdim edilib. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənib. Liderlər Türkiyənin regional sülhün təşviqində konstruktiv rolunu, xüsusilə Suriyada sabit siyasi keçid, sanksiyaların ləğvi və ərazi bütövlüyünün qorunması istiqamətindəki səylərini yüksək qiymətləndiriblər. Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması, Novruz bayramının Türk dünyasının ortaq bayramı kimi qeyd olunması da Budapeşt bəyannaməsinin uğurlu bəndlərindən hesab olunmalıdır”.

M.Vəliyeva onu da qeyd etdi ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır: “Azərbaycan Türk dünyasının birliyi, həmrəyliyi və təhlükəsizliyinə töhfələr verməkdə davam edəcək”.