Dost ölkələr, strateji təşkilatlar.
Bildiyimiz kimi bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana səfər etmişdir. Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991 – ci ildə tanımışdır. Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 27 Aprel 1991 – ci ildə qurulmuşdur. Azərbaycanın Macarıstanda səfirliyi 2004 – cü ildə açılmışdır. 23 İyul 2021 – ci il tarixində T. Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Macarıstanın da Azərbaycandakı səfirliyi 12 Yanvar 2009 – cu ildə açılmışdır.
Mədəni və Humanitar əməkdaşlıq
Azərbaycanla Macarıstan arasında elm, təhsil, mədəniyyət, təhlükəsizlik, ədliyə (hüquq mühafizəsi), səhiyyə, idman, televiziya və digər sahələrdə əməkdaşlıq davam etdirilir və istər ikitərəfli əsasda, istərsə də beynəlxalq tədbirlərdə iştirak məqsədi ilə aidiyyatı qurumlarına təmsilçilərinin qarşılıqlı səfərləri həyata keçirilir. Qeyd edilən sahələr üzrə bir sıra sənədlər imzalanıb. Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği istiqamətində əməli işlər görülmüş və davam etdirilməkdədir. Belə ki, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitabların macar dilinə tərcüməsi, nəşri, yayılması, habelə ölkəmizin tanınmış musiqiçilərinin iştirakı ilə konsertlər təşkil olunmasıdır.
Bununla yanaşı iki ölkənin elm sahəsində də təhsil müəssisələri arasında əməkdaşlığın yaranması və inkişaf etdirilməsinə xüsusi önəm verilməklə, yeni universitetlərlə də əlaqələr qurulmuşdur.
Azərbaycanla Macarıstan arasında təhsil sahəsində imzalanmış sənədlər çərçivəsində 2015 – ci ildən etibarən hər il 200 – dək azərbaycanlı Macarıstanın ali təhsil müəssisələrində təhsil almağa göndərilir. 2022 – ci ilin İyun ayinda verilən məlumata görə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində 800 – dək azərbaycanlı tələbə təhsil alır.
Azərbaycan icmasının üzvləri Novruz bayramı, Xocalı soyqırımının il dönümünü, 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə rəsmi qəbul və digər tədbirlərdə iştirak edirlər. Ümumiyyətlə hər iki dövlət arasında 50 – dən artıq sənəd imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Macarıstana səfəri çərçivəsində də demişdir: “ Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir.”
Görüş zamanı Macarıstanın Baş Naziri Viktor Orbanın çıxışından bir sitatı da nəzərinizə çatdırım: ”Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Bunun səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.”
Bəli bununla da demək olar ki, imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.
Nuriyyə Hüseynova,
254 №-li tam orta məktəbin İnformatika müəllimi