26 may 2025 14:38
572

Dostluqdan strateji əməkdaşlığa uzanan yol

Dövlətlərin münasibətlərində diplomatiya bəzən yalnız müqavilələr və razılaşmalarla ölçülmür. Əsl dostluq – qarşılıqlı hörmət, strateji anlayış və ortaq dəyərlər əsasında qurulan münasibətlərdə özünü göstərir. Məhz belə münasibətlər Azərbaycan və Macarıstan arasında formalaşıb və inkişaf edir. Prezident İlham Əliyevin 2025-ci ilin mayında Macarıstana etdiyi işgüzar səfər də bu dostluğun bariz nümunəsidir.

Bu səfər sadəcə iki ölkə rəhbərinin görüşü deyil, eyni zamanda tarixə, mədəniyyətə, siyasi müstəqilliyə və gələcəyə yönəlmiş baxışların sintezidir. Prezidentin mətbuata verdiyi bəyanat, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu yeri və Macarıstanla qurduğu səmimi münasibətləri əks etdirməklə yanaşı,bir çox strateji sahələrdə əməkdaşlığın necə dərinləşdiyini göstərdi.

Prezident İlham Əliyev öz çıxışında Macarıstanı “müstəqil siyasət aparan nadir Avropa ölkələrindən biri” kimi qiymətləndirdi. Bu, sadəcə siyasi diplomatik jest deyildi– bu ifadə Azərbaycanın öz tərəfdaşlarını prinsipial dəyərlər üzərində seçdiyini ortaya qoyurdu.Çünki müstəqil siyasət,yalnız daxili sabitlik və milli maraqlara söykənərək qərar vermək bacarığıdır.Bu mənada Azərbaycan və Macarıstan bir-birinə daha da yaxın düşür.

Ən diqqətçəkən məqamlardan biri də İkinci Qarabağ müharibəsinin BMT Nizamnaməsinə uyğun şəkildə aparıldığının vurğulanması idi. Prezident açıq şəkildə bildirdi ki, müharibədən sonra sülh təşəbbüsünün əsas təşəbbüskarı məhz Azərbaycan olub. Bu bəyanat, regionda sülh və sabitlik istəyən Azərbaycanın konstruktiv siyasət apardığını təsdiqləyir.

Səfər çərçivəsində energetika sahəsində əməkdaşlıq xüsusi yer tutdu. Yaşıl enerji və təbii qaz sahələrində atılan addımlar, yalnız iqtisadi maraqlara deyil, eyni zamanda enerji təhlükəsizliyinə və davamlı inkişafa yönəlib. Bu da göstərir ki, Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də etibarlı tərəfdaşdır.

Prezidentin səfəri təkcə yüksək səviyyəli danışıqlar  və bəyanatlarla məhdudlaşmadı. Bu səfər, Azərbaycanın bölgələr üzrə iqtisadi inkişafına da toxunmaqla,ölkənin daxili potensialının xarici əməkdaşlıqlarla necə birləşdiyini nümayiş etdirdi.İqtisadi rayonlar üzrə təqdim olunan məlumatlar,Azərbaycanın regional siyasətinə verdiyi önəmi və bu siyasətin xarici əlaqələrə necə inteqrasiya edildiyini göstərdi.

Bu səfər bizə bir daha sübut etdi ki, beynəlxalq münasibətlərdə səmimiyyət və qarşılıqlı maraqlar üzərində qurulan əlaqələr daha dayanıqlı və uzunömürlü olur. Prezident İlham Əliyevin Macarıstana səfəri, yalnız bu günün deyil, gələcəyin əməkdaşlığına atılmış bir addım idi. Bu addımın səsi təkcə Budapeştdə deyil, bütün Avropada eşidildi.

Bahar Hüseynova,
257 nömrəli tam orta məktəbin müəllimi