27 may 2025 00:56
515

Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir

Bakıda «İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması» mövzusunda beynəlxalq konfransın keçirilməsi tolerant ölkəmizə dünya miqyasında göstərilən etimaddır

Milli münaqişələrin artdığı müasir dövrümüzdə islamofobiya, antisemitizm, ksenofobiya kimi halların yaratdığı dəhşətlər terrorlardan daha qorxulu fəlakətlər törədir. Nyu-Yorkda baş verən 11 sentyabr 2001-ci il terror hadisəsi müsəlmanlara qarşı nifrəti daha da alovlandırmışdır. Birliyə, həmrəyliyə, mədəni müxtəlifliyə hörmət ruhunu əsrlərdən bəri milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi qoruyan, sivilizasiyalararası körpü rolunu doğruldan Azərbaycan mədəniyyətlərin, müxtəlif dinlərə malik azysaylı xalqların təmas, ünsiyyət məkanı kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı dəyərlərə etimadı xeyirxahlıq kimi ülvi duyğulara sadiqliyi ilə doğruldan, Şərq ilə Qərbin, Şimal ilə Cənubun qovşağında yerləşən, eyni zamanda İslam və Avropa təşkilatlarının üzvü kimi bəşəri dəyərlərə sadiqliyini tolerantlığı ilə bildirən Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri respublikamızın ictimai- siyasi həyatında bərabər hüquqlar əsasında, eyni səlahiyyətlərə malik vətəndaşlar kimi iştirak edirlər. Ulu Öndər Heydər Əliyev «Əsrlər boyu Azərbaycanda İslam, Yəhudi, Xristiana dinləri yanaşı mövcud olaraq insanlar arasında sülh və əmin-amanlıq, mehriban dostluq, və qardaşlıq münsibətlərinin yaranmasında əvəzsiz rol oynamışdır» sözlərinə əlavə olaraq bildirirdi ki, geniş anlayış olan tolerantlıq təkcə dinlərin biri-birinə dözümlülülüyü deyil, həm də adətlərinə, mənəviyyatına dözümlülük deməkdir. Bu baxımdan dini etiqadından, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları hüquqi, demokratik cəmiyyət quruculuğunda və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində birgə iştirak edirlər. Mədəniyyətlərarası platformaya çevrilən İslam dinini terrorla əlaqələndirən qərəzli güclərin mənfur niyyətlərini multikultural dəyərləri ilə təkzib edən Azərbaycan mədəniyyətlərarası körpü rolunu da layiqincə davam etdirir. Azərbaycanda dövlət-din siyasətinin Ulu Öndərin demokratik dövlət quruculuğu kursuna əsaslandığını « Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arsında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inikaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləridir» sözləri ilə təsdiqləyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Xeyirxahlıq və mərhəmət ünvanı kimi beynəlxalq aləmdə tanınan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr dini, dili müxtəlif xalqların nümayəndələrinin birgə səyi ilə gerçəkləşdirilir. Fondun milli dəyərlərimizin qorunması, təbliği istiqamətində gördüyü işlər birliyə çağırışıdr. Şuşada Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII «Xarıbülbül» festivalında Azərbaycanla yanaşı, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, İndoneziyanın, İranın, Qazaxıstanın, Qətərin, Qvineyanın, Mərakeşin, Özbəkistanın incəsənət ustalarının da təmsil olunması, milli-mənəvi zənginliklərini nümayiş etdirmələri İslami dəyərlərin nümayişi olmaqla islamofobiya kimi zərərli ideyaları təbliğ edənlərə cavab oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı müxtəlif mədəniyyətlərin, zəngin ənənələrin təbliği, xalqlar arasında ünsiyyət və əməkdaşlıq, mədəniyyətlərarası dialoqların formalaşması baxımından daha əhəmiyyətli hadisə kimi yaddaşlarda iz saldı. Bu cür tədbirlər respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın « Bütün dünya dinlərinin bir məqsədi bir məramı var. Biz Tanrıya müxtəlif cür müraciət edə bilərik, ona müxtəlif dillərdə dua edə bilərik, onun şəninə müxtəlif məbədlər ucalda bilərik. Mahiyyət dəyişməz olaraq qalır. Bizim hamımızın bir Tanrımız var və bu nə qədər sadə səslənməsə, hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşər dəyərlərlə eynidir» sözləri tolerantlığın Azərbaycan modelinin təsdiqidir.

Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 ildə təkcə məscidləri deyil, sinoqoqları, albanlara məxsus kilsələri dağıdan erməni vandallarından fərqli olaraq Azərbaycan dövləti həmin müqəddəs yerlərin bərpasına da diqqət göstərir. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarını”n təşkili, 2017-ci ilin respublikamızda «İslam həmrəyliyi İli» elan olunması, ölkəmizdə keçirilən humanitar forumlarda xalqları birləşdirən milli-mənəvi dəyərlərin təbliği, sivilizasiyaları birləşdirən çağırışların dəstəklənməsi bütün dinlərə hörmətin, etimadın ifadəsi olmaqla dünyada sülhün, əmin-amanlığın qorunmasına verilən dəyərdir. İslamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsinə qarşı etibarlı mübarizədir. Ölkəmizdə müxtəlif dinlərə mənsub olan xalqların milli bayramları qeyd edilir. Prezident İlham Əliyevin Pasxa bayramı münsibətilə xristianları təbrik etməsi Azərbaycan tolerantlığının nümünəsidir. Ölkəmizdə əsrlər boyu dini icmalar – müsəlman məscidləri, xristian pravoslav, katolik, Alban-Udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. 2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə milli- mənəvi dəyərlərimiz eyni mənbədən, planlı şəkildə təbliğ edilir. Ölkəmizdə son illər keçirilmiş Dünya Dini Liderlərinin Zirvə toplantıları, «Bakı prosesi» adlanan forumlar mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.

Son onilliklərdə bəzi Qərbi Avropa ölkələrində, o cümlədən Fransada , Almaniyada, Böyük Britaniyada, Belçikada, Hollandiyada islamofobiyanın geniş yayılması, ekstremist qüvvələrin fəallaşması, Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər narahatlıq doğurmaya bilməz. İslamofobiya əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti daim təhlükə altında olduqlarını hiss edirlər. Qərb dünyasında nəşr edilən qəzet və jurnallarda, televiziya kanallarında baş verən neqativ hadisələrdə səbəb kimi, müsəlmanların adlarının hallanması İslama qarşı mübarizənin ideologi üsuludur. Cəmiyyətə sülh, əmin-amanlıq, xoş münasibət və anlayış təlqin etmək əvəzinə, düşmənçiliyi aşılayan ələbaxım dairələrin İslama qərəzli yanaşmaları genilənməkdədir.

Mayın 26-da Bakıda «İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması”» mövzusunda beynəlxalq konfransın keçirilməsi tolerant ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimaddır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransda G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumunun təmsilçiliyi multikulturalizmə verilən dəyərdir. Məlumat üçün bildirək ki, konfrans BMT tərəfindən «İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”»nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub.

Açılış mərasimində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. «Təəssüflər olsun ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir» sözlərinin yer aldığı müraciətdə qeyd olunduğu kimi, islamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır. Müraciətdə bildirilir ki, dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır. Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. «Söz azadlığı» adı altında İslam dininə və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir.

Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək antimüsəlman əhval-ruhiyyəsini təlqin edirlər.

İslamofobiyanın yayılmasına təkan verən digər faktorlara qarşı mübarizənin aktualığının bu gun daha vacib olduğu müraciətdə əks edilir. Haqlı olaraq ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirmək kimi iyrənc cəhdlərə qarşı birgə mübarizənin əhəmiyyəti qeyd edilir. Dinimizə qarşı qərəzli təsəvvür yaradan, dinimizi təhlükə mənbəyi kimi aşılayan, ona terror damğası vurmağa çalışan və müxtəlif dairələrə xidmət edən medianın antiislam təbliğatı yolverilməz təxribat adlandırılır. «Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuzillik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar» sözlərinin yer aldığı müraciətdə Ermənistanın işğalı altında qaldığı müddətdə erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklər diqqətə çatdırılır. Qeyd olunur ki, doğma torpaqlarından zorla çıxarılmış soydaşlarımızın tarixi torpaqları olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsi şüurlu və planlı şəkildə tamamilə məhv edilmiş, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır.

Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

Məhdud sayda monoetnik ölkə olan Ermənistan istisna olmaqla, dünya ölkələrinin əksəriyyəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdən ibarətdir. Bunu nəzərə alaraq müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər. İslam sülh, həmrəylik və mərhəmət dinidir. Ona qarşı aparılan qarayaxma kampaniyalarına baxmayaraq, İslam yüksək əxlaqi dəyərləri, ədaləti, xeyirxahlığı təcəssüm etdirən və milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan din olaraq qalmağa davam edir. Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır.

40-a yaxın ölkəni təmsil edən alimlərin, beynəlxalq təşkilatların ekspertlərinin, din xadimlərinin və qeyri-hökumət təşkilatların nümayəndələrinin, yüzdən artıq xarici qonağın iştirak etdikləri konfransın təşkilində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək, qərəzli hallara qarşı mübarizənin eyni mənbədən istiqamətləndirəcək akademik platforma yaratmaqdır. Bu cür mötəbər tədbirin multikulturalizm ideyalarına sadiq Azərbaycanda keçirilməsi təsdiqləyir ki, müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun əsas örnəklərindən biri Azərbaycan təcrübəsidir. «Tolerantlıq- müxtəliflikdə harmoniyadır. O təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır» deyimi artıq beyənlxalq termin kimi dəstəklənir. Fərqli izahların olmasına baxmayaraq, hər kəsin qəbul etdiyi bir həqiqət var: Tolerantlıq müxtəlifliyin mövcudluğuna təminat verən hüquqi borc və mənəvi tələbatdır.

Xuraman İsmayılqızı, «İki sahil»