Dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq əlaqələri ildən-ilə, gündən-günə güclənməkdədir. May ayının 28-də Laçın şəhərində keçirilmiş bu üç ölkə rəhbərlərinin Zirvə görüşü münasibətlərin genişlənməsinə sözsüz ki, yeni güclü təkan verəcək. Sammitin gedişində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz və xalqlarımız yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanında olublar, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdiriblər. Laçın Zirvə görüşündə ölkələrimiz arasındakı strateji əməkdaşlıq bir daha təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü oldu. Möhtərəm dövlət başçımızın dediyi kimi, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bu Zirvə görüşünün keçirilməsi, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlmələri böyük rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi başlayan andan Türkiyə və Pakistanın siyasi-mənəvi dəstəyini gördü və bu dəstək bizi ruhlandırırdı, bizə əlavə güc verdi. Əlbəttə ki, Zirvə görüşünün məhz Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi də mühüm önəm daşıyan amildir. 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Əfsuslar olsun ki, cəmi iki il sonra bolşevik Rusiyasının işğalı səbəbilə Cümhuriyyət süqut etdi. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır.
Laçından dünyaya yayılan bu güclü siyasi və mənəvi mesaj, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün qardaşlıqdan strateji ittifaqa çevrildiyini göstərir.
Laçın zirvəsi bir daha təsdiqlədi ki, tarixi ədalətsizliklərlə, işğal və soyqırımla üz-üzə qalan Azərbaycan xalqı haqlı mövqeyində tək deyil və olmayacaq. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də qardaş ölkələrin siyasi dəstəyi və mənəvi həmrəyliyi Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir.
Laçın şəhərinin ev sahibliyi etdiyi tədbir isə böyük rəmzi anlam daşıyır. Vaxtilə 30 il işğal altında qalan bu şəhərdə indi beynəlxalq səviyyəli zirvə keçirilir. Bu isə təkcə qələbənin deyil, həm də ədalətin, əzmin və milli həmrəyliyin təntənəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı heç zaman işğalla barışmadı, dövlət gücünü topladı, beynəlxalq hüququn yanında mövqe tutdu və ən əsası isə vətənpərvər, milli ruhda böyüyən gənc nəslin sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu, regionda yeni geosiyasi reallığın əsas sütununa çevrilib. Şuşadan başlanan zəfər yolu Laçına, ordan isə bütün dünyaya qardaşlıq, güc və sabitlik mesajı verir. Bu baxımdan, Prezident İlham Əliyevin “Biz artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” fikri müasir Azərbaycanın ruhunu ifadə edir.
Bu birlik, Azərbaycan-Türkiyə-Pakistan tandemi, sadəcə regional əməkdaşlıq formatı deyil, həm də qlobal miqyasda müsəlman həmrəyliyinin, ədalət və inkişaf ideallarının daşıyıcısıdır. Üç ölkənin liderlərinin azad edilmiş torpaqlarda bir araya gəlməsi təkcə dostluğun təsdiqi yox, həm də mühüm siyasi mesajdır: bu bölgənin sahibləri qayıdıb və bu torpaqlarda sülh, inkişaf və qardaşlıq hökm sürəcək.
“Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer ayırdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb. Prezident İlham Əliyev qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu tarixi mərasimi təkcə bayram yox, həm də dünyaya ünvanlanan siyasi, mədəni və mənəvi mesaj kimi təqdim etdi. Səhnədə səslənən mahnılar, verilən bəyanatlar bir daha üç ölkənin mədəni yaxınlığını, strateji birliyini nümayiş etdirir. “Bizim gücümüz birliyimizdədir” – bu, Azərbaycanın dostlarına çağırışı, düşmənlərinə isə xəbərdarlığıdır.
Ölkə rəhbərinin “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” sözləri bu çıxışın mahiyyətini, Azərbaycanın gələcək yol xəritəsini dolğun ifadə edir. Bu zəfərin əbədiliyini təmin edən amil isə yalnız keçmişdən alınan dərslər deyil, bu gün möhkəmlənən dostluq, strateji müttəfiqlik, xalqın dövlətə olan sonsuz inamıdır.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri