İcbari tibbi sığortanın Xidmətlər Zərfinə tibbi xidmətlər daxil edilərkən əsas meyarlardan biri insanların ən çox həyatını itirdiyi xəstəliklərin nəzərə alınmasıdır. Hazırda Xidmətlər Zərfində 3315 tibbi xidmət təminata alınıb. Ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək, sümük iliyi transplantasiyası kimi mürəkkəb və dəyəri yüksək tibbi xidmətlər sığorta hesabına qarşılanır. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir. Bu yanaşma həm insanların həyatını qorumağa, həm də səhiyyə sistemində daha effektiv və davamlı nəticələrin əldə olunmasına şərait yaradır.
Bu fikirləri “İki sahil”ə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirdi.
Onun sözlərinə görə həm dünyada, həm də ölkəmizdə ürək-damar sistemi xəstəlikləri arasında ən geniş yayılmışlardan biri hipertoniyadır. Bu xəstəliyin müalicəsində dərman preparatlarının rolu xüsusilə böyükdür. 2025-ci ilin sonundan etibarən hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicə məqsədilə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur.
Leyla Lətifova qeyd etdi ki, Xidmətlər Zərfi genişləndirilən zaman ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır.
Yaqut Ağaşahqızı, “İki sahil”