Ambulator dərman təminatı ilə bağlı dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, sonra isə tənəffüs və həzm sistemi ilə bağlı dərmanların sığortaya daxil edilməsi planlaşdırılır. Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirdi.
Leyla Lətifova qeyd etdi ki, dərmanlar yalnız elektron reseptlə veriləcək. Vətəndaş elektron resept əsasında Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tapa bilsinlər. Ödəniş forması isə belə olacaq: bir hissəsini sığorta qarşılayacaq – bu şərti kompensasiya məbləğidir, digər hissəsini vətəndaş özü ödəyəcək – bu isə müştərək maliyyələşmə məbləğidir.
Dərmanların qiyməti ilə bağlı qeyd edim ki, eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq isə onun ödədiyi məbləği fərqli ola bilər.
Yaqut Ağaşahqızı, “İki sahil”