30 may 2025 11:59
142

Naxçıvanda yerli gəlirlərin büdcədə payı 2024-cü ilin sonuna 58,55 faizə yüksəlib - Fuad Nəcəfli

Prezident İlham Əliyevin xüsusi diqqəti ilə hazırlanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” islahatların yol xəritəsi rolunu oynayır.

“İki sahil” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "Mediafest-2025"də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 2022-ci ilin göstəricilərinə nisbətən, dotasiya istisna olmaqla, büdcə daxilolmaları 2024-cü ildə 32 faiz artmaqla, 262 milyon manat olub. Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya da mərhələli şəkildə azaldılıb. 2022-ci ilin göstəricilərinə nisbətən mərkəzi büdcədən ayrılmış dotasiyanın həcmi 425 milyon manatdan 185 milyon manata enib. Bu, 56 faiz azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə köçürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.

"Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizə yüksəlib. 2024-cü ilin və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları (dotasiya istisna olmaqla) plana nisbətdə, müvafiq olaraq 37 faiz və 30 faiz çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88 faiz, cari ilin 4 ayında 87 faiz icra olunub", - deyə səlahiyyətli nümayəndə əlavə edib.

Fuad Nəcəfli Prezident İlham Əliyevin mətbuata qayğısından danışarkən bildirib ki, 104 yaşlı “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə edib. Bu gün “Şərq qapısı” həm ənənəvi medianın, həm də müasir informasiya platformalarının uğurlu sintezini nümayiş etdirərək, mühüm nailiyyətlərə imza atır.

"Son illərdə Naxçıvanda informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Naxçıvan televiziyasının peyk yayımına qoşulması oldu ki, bu əlamətdar hadisənin gerçəkləşməsinə az öncə birgə şahidlik etdik. Prezidentin mətbuata verdiyi önəmin bariz nümunəsidir ki, Naxçıvan Dövlət Universitetində müasir tələblərə cavab verən tədris proqramları əsasında peşəkar və ixtisaslı jurnalist kadr hazırlığı həyata keçirilir", - deyə o əlavə edib.