1 aprel 2021-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunduğu dövrdən etibarən sığortadan istifadə edən vətəndaşların sayı ilbəil artıb. Bu illər ərzində 78 milyondan çox müraciət qeydə alınıb və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 235 milyondan artıq tibbi xidmət göstərilib.
Bu fikirləri “İki sahil”ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirdi.
Leyla Lətifova qeyd etdi ki, illər üzrə müqayisə etsək göstərilən tibbi xidmət sayında 2023-cü il ilə müqayisədə 2024-cü ildə 32% artım olub.
Qeyd edim ki, bəzi ixtisaslaşdırılmış xidmətlərin dövlət xəstəxanalarında göstərilməsi mümkün olmadıqda, həmin vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə, yəni özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki xəstəxanalara göndəriş verilir. Bu müddət ərzində vətəndaşlar özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.