30 may 2025 23:43
184

Kəngərlinin bu günü

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmaq həsrətinə də son qoyulur. Bu proses Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən mərhələli şəkildə davam edir. Hazırda azad olunmuş bütün ərazilərimizdə toy-bayram əhval-ruhiyyəsi duyulur, insanlar öz xoşbəxt həyatlarını yaşayırlar. Bu isə o deməkdir ki, Böyük Qayıdış strategiyası artıq real nəticələrlə müşayiət olunur. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.

Artıq bu gün keçmiş məcburi köçkünlər Ağdamın Kəngərli kəndində də məskunlaşıblar. Yeri gəlmişkən qeyd edək ki, Kəngərli bərpa olunan sayca 14-cü yaşayış məntəqəsidir. Mayın 26-da respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 48 ailə - 206 nəfər yenidən qurulan bu kəndə köçürülüb. Burada məskunlaşanlardan, daha doğrusu, ilk köç karvanında bura gələnlərdən biri də Həsən Balakişiyevin 6 nəfərdən ibarət ailəsidir.

Doğma yurda qayıdış sevincini “İki sahil”lə bölüşən 71 yaşlı Həsən kişi bildirdi ki, torpaq həsrəti ilə keçən 32 ili yaşanmamış hesab edirəm: “Bura çatan kimi sevinc göz yaşları içində məni boya-başa çatdıran müqəddəs torpağı öpdüm. Onu da deyim ki, mən torpağa bağlı insanam. İnandırım sizi, Kəngərli torpağıma ermənilər soxulanda elə bildim ki, belim qırıldı”.

Müsahibimiz daha sonra xeyirxah əməlləri ilə yaddaşlara həkk olunmuş atası Əsəd kişinin uyuduğu qəbiristanlığı ziyarət etdiyini bildirdi: “Qəbiristanlıqda 2-3 başdaşı salamat qalmışdı. Lənətə gəlmişlər oranı elə günə qoyublar ki, sözlə ifadə etmək mümkün deyil. Erməni faşistlərinə elə gəlirdi ki, bu yerlərin sahibləri qayıtmayacaqlar. Ermənilərə mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma biz qayıtdıq, özü də çox ləyaqətlə. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik. Bu qayıdışımızla həm də məcburi köçkün, qaçqın sözü üzərimizdən götürüldü. Şübhəsiz, bu, Prezidentimizin düşünülmüş siyasətinin nəticəsidir”.

Söhbətinin bu məqamında bir qədər fasilə verən Həsən kişi vurğuladı ki, o zaman Kəngərlinin sakinləri hamılıqla kəndin müdafiəsinə qalxmışdı: “Yəni, özünümüdafiə dəstələri yaratmışdıq. Müdafiə postları qurub növbə ilə keşik çəkirdik. 3 ildən çox beləcə yaşadıq. Amma…” Cümləsini tamamlaqda çətinlik çəkən Həsən kişini qəhər boğdu. O handan-hana: “O günləri xatırlamaq mənim üçün olduqca ağrılıdır” dedi.

Daha sonra məcburi köçkünlük həyatından söz açan H. Balakişiyev bildirdi ki, bu müddət ərzində onun ailəsi Şəkidə, Bakıda yaşamağa məcbur olub: “33 il ərzində çox əziyyətlər görsəm də günlərin birində doğma yurduma qayıtmaq ümidimi üzmədim. Məcburi köçkünlük illərimdə bir an belə bu torpağı unutmadım. Çünki məndə inam vardı ki, doğma yurduma qayıdacağam. Artıq arzum çin olub. Bu arzumu reallaşdıran isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz oldu. Allah bu torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bəli, mən artıq uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşayıram. Əlbəttə ki, bu, böyük xoşbəxtlikdir.  Bu gün Kəngərli kəndi həqiqətən də göz oxşayır. Bu kənd artıq gülzara çevrilib. Onu da deyim ki, şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Artıq Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının inşası başa çatdırılıb. Yeri gəlmişkən onu da qeyd edim ki, Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə, həmçinin klub-icma mərkəzində, yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə də tanış olub. Dövlət başçımız Kəngərli kəndinə köçən sakinləri ilə görüşündə onlara torpaq sahələri də veriləcəyini bildirib”.

Qvami Məhəbbətoğlu, “İki sahil”