01 iyun 2025 16:44
165

Azərbaycan və Türkiyənin qadın vəkilləri futbolda qüvvələrini sınayıblar

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası ilə Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyniadlı komandası arasında yoldaşlıq görüşü keçirib.

“İki sahil” xəbər verir ki, Bakı şəhərində təşkil edilən görüşdən əvvəl VK Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edərək “Legal Eagles” futbol komandası haqqında iştirakçılara məlumat verib, belə təşəbbüslərin vəkillər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

VK-nın sədr müavini Pərviz Ələkbərov isə çıxışında hər iki komandanı Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb, bu cür yoldaşlıq oyununun qarşılıqlı əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı görüşdə iştirak edən hər iki komandanın üzvlərinə təşəkkür edərək onlara uğurlar arzulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını söyləyib.

Sonra “Legal Eagles” komandasının kapitanı Aynur Hüseyn çıxış edib. O, tədbirin təşkilinə görə minnətdarlığını bildirib və bu cür görüşlərin qadın vəkillərin həmrəyliyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını dilə gətirib.

“Ankara Barosu” komandasının kapitanı Dərya Çağılıyan isə çıxışı zamanı Azərbaycanda bu cür səmimi qarşılanmaqdan məmnunluq duyduğunu ifadə edib, vəkil qadınlar arasında əməkdaşlığın və dostluğun idman sahəsi vasitəsilə gücləndirilməsinin sevindirici hal olduğunu söyləyib.

“Legal Eagles” komandasının rəhbəri Mehriban Məmmədova isə çıxışında deyib ki, bu təşəbbüs yalnız idmanla məşğul olmaq deyil, həm də həmrəyliyin, komanda ruhunun, fiziki və psixoloji sağlamlığın təşviqinə yönəlib.

Sonra qarşılaşmaya start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Yekunda qaliblərə medallar və mükafatlar təqdim edilib.

Görüşün ən yaxşı oyunçusu “Ankara Barosu” komandasının üzvü Qamze Bezan və matçın ən yaxşı qapıçısı isə “Legal Eagles” komandasının üzvü Tünzalə Hacıyeva seçilib.